Əli Həsənov: Avropa Birliyinin çağırış etdi


“Azərbaycan Rusiya və Avropa Birliyi arasında seçim etmir”

“Azərbaycan Avropa Birliyi ilə əlaqələri davam etdirməkdə qərarlıdır, gələcəkdə əlaqələrin genişlənəcəyinə və güclənəcəyinə ümid edir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov “New Europe” qəzetinə müsahibəsində deyib.

Şöbə müdiri Brüsseli Dağlıq Qarabağ münaqişəsinin həllində daha aktiv olmağa və mühüm Cənubi Qafqaz regionunda sülhün bərqərar edilməsinə kömək göstərməyə çağırıb.

“Bizim Avropa Birliyi ilə çox yaxşı tərəfdaşlığımız var, bir sıra tərəfdaşlıq razılaşmaları imzalamışıq. Bu yaxınlarda Avropa Birliyi ilə enerji təhlükəsizliyi sahəsində bəyannaməyə imza atmışıq. Avropa Birliyi ölkələrinin enerji tələbatının təmin olunmasında Azərbaycanın rolu artır”, - deyə Ə. Həsənov bildirib.

O, “Şərq Tərəfdaşlığı” və Avropa Qonşuluq Siyasəti proqramının Azərbaycan üçün eyni dərəcədə əhəmiyyətli layihələr olduğunu bildirib.

Ə. Həsənovun sözlərinə görə, bu tərəfdaşlığın digər mühüm məqamı Avropadan malların və sənaye məhsullarının Azərbaycana idxalı şərtlərinin yüngülləşdirilməsi ilə bağlıdır.

Bura həmçinin gömrük rüsumlarının liberallaşdırılması, Avropa ölkələri və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və AB ilə tərəfdaşlıq nəticəsində vətəndaş cəmiyyətinin inkişafı da daxildir.

Azərbaycanın Rusiya ilə əlaqələrinə gəlincə Ə. Həsənov bildirib ki, rəsmi Bakı Rusiyanı regionda çox böyük oyunçu hesab edir: “Biz hesab edirik ki, Rusiyanın bütün regionda maraqlarının olması normaldır. Azərbaycan Rusiya və Avropa Birliyi arasında seçim etmir. Biz onların hər ikisini yaxşı tərəfdaş və qonşu hesab edirik, onlarla öz milli maraqlarımıza uyğun olaraq əməkdaşlıq edirik. Rusiya Avropanın əsas neft-qaz təchizatçısıdır. Biz də Avropaya neft və qaz nəql edirik. Lakin biz rəqib deyilik, çünki onların öz, bizim isə öz bazarımız var”.

Regional təhlükəsizlik məsələlərindən danışan Ə. Həsənov Azərbaycanın NATO ilə əməkdaşlığına da toxunub, rəsmi Bakının Şimali Atlantika Alyansı ilə müxtəlif çərçivələrdə əməkdaşlıq etdiyini vurğulayıb: “Lakin biz NATO-nun üzvü deyilik və bu qurumun üzvü olmağı planlaşdırmırıq. Eyni zamanda bizim Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da üzv olmaq niyyətimiz yoxdur. Düşünürəm ki, bu məsələlərdə neytral olmaq bizim milli maraqlarımıza uyğundur”.

Ermənistanla dondurulmuş münaqişənin həllində Azərbaycanın AB-nin yardımını gözləyib-gözləmədiyi barədə sualı cavablandıran Ə. Həsənov bunları deyib: “Biz Avropa Birliyindən Ermənistan-Azərbaycan münaqişəsinin həllində ATƏT-in Minsk Qrupuna güclü dəstək gözləyirik. Hazırda AB ATƏT-in Minsk Qrupunda Fransa tərəfindən təmsil olunur. Hesab edirik ki, gələcəkdə AB-nin Minsk Qrupunda xüsusi nümayəndəsi olmalıdır, bu, AB-nin münaqişənin həllindəki mövqeyinin güclənməsinə kömək edəcək. Cənubi Qafqazda sülh olmadan, Avropanın tam təhlükəsizliyindən danışmaq olmaz”.

PA rəsmisi İranla nüvə probleminin həllində rəsmi Bakının rolu barədə danışarkən bildirib ki, Azərbaycan İran və ya Avropada siyasi məsələlərə təsir etmək üçün böyük ölkə deyil: “Biz bu məsələdə neytral mövqeyimizə sadiqik.”

İqtisadi məsələlərə toxunan Ə. Həsənov qeyd edib ki, yoxsulluğun azaldılması Azərbaycan hökumətinin əsas prioritetlərindən biridir: “Son on ildə biz yoxsulluğu azaltmaq üçün çox səy göstərmişik. Son 9 ildə yoxsulluğun səviyyəsi 50%-dən 6%-ə düşüb. Qarşıdakı beş ildə yoxsulluğu tam aradan qaldırmağı hədəfləyirik”.

Ə. Həsənov müsahibəsində Bakıdakı “Qara Şəhər”in təmiz, yeni, yüksək səviyyəli kvartala - “Ağ Şəhər”ə çevrilməsi planları barədə də danışıb.