ABŞ-da yaşayan tanınmış azərbaycanlı rəssam Əbülfəz Bahaduri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində ölkəmiz üçün mühüm addım atıb.
"Unikal" xəbər verir ki, Marşal İrsi İnstitutu (Marshall Legacy İnstitute) ilə birgə əsərlərini satışa çıxaran rəssam əldə olunan bütün vəsaiti “Mine Detection Dogs” (Mina aşkarlayan itlər) layihəsinə köçürəcəyini bildirib. “Bir çox ölkələr, o cümlədən Azərbaycan üçün minaların ölümcül mirası davamlı tərəqqi və sabitliyə əsas maneədir. Mən işlərimin 100% satışı vasitəsilə “Mine Detection Dogs” layihəsinə sponsorluq edirəm”, - deyə rəssam qeyd edib.
Rəssam sənətsevərləri bu bayramlar mövsümündə insan həyatlarını xilas etməyə çağırıb. Vəsaitlərin toplanması üçün onları https://lnkd.in/emnMY_Rk saytına daxil olmağa dəvət edib.
Soydaşımız yaradılmış imkana görə Marşal İrsi İnstitutuna dərin minnətdarlığını bildirib. İnformasiyanın sənət cameəsində yayılması və “Rəssamlar Minalara Qarşı” (Artists Against Mines) təşkilatının yaradılmasında kömək göstərilməsi naminə bu institutla 2023-cü ildə əməkdaşlıq edəcəyini söyləyib.
Öz növbəsində Marşal İrsi İnstitutu da cəmiyyəti öz kolleksiyasına orijinal sənət əsəri əlavə etməklə insan həyatını qurtarmağa kömək olmağa çağırıb.
Qeyd edək ki, abstrakt və kolorist rəssam kimi tanınan Əbülfəz Bahaduri Təbriz şəhərində anadan olub. Uşaqlıq və gənclik illərini Təbrizdə keçirməsi onun rəsm çəkməsinə və gələcək yaradıcılığına öz təsirini göstərib. Təbrizdəki Göy məscidin, xalça və xalıların rənglərindən, münüatürlərdən ilham alıb. Öncə Təbrizdə, sonra isə İngiltərənin Mançester şəhərində təhsil alıb. Rəssam-dizayner və kompüter texnologiyaları mütəxəssisidir.
Filadelfiya İncəsənət Muzeyinin, Del Rey Sənətkarlarının, İsgəndəriyyə İncəsənət Liqasının və Falls Kilsəsi İncəsənətinin üzvü olan rəssamın əsərləri ABŞ-ın bir çox ştatlarındakı sərgilərdə nümayiş olunur. Bu ilin sentyabrında isə ADA Universitetinin Vaşinqtondakı ofisində rəssamın Qarabağın işğaldan azad edilməsinin ikinci ildönümü münasibətilə fərdi sərgisi təqdim edilib.
“Paradoks” əsərinə görə Vaşingtondakı Amerika İncəsənət Liqasının Evelin Turner mükafatına layiq görülüb.
Azərbaycan diasporunun fəaliyyətinə və Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliğinə verdiyi mühüm töhfələrə görə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı və “Diaspor fəaliyyətində xidmətlərə görə” medalı ilə təltif olunub.