Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatları Soltan Məmmədov, Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov şəhid ailələrini ziyarət ediblər. 
"Unikal"
xəbər verir ki, Qala qəsəbəsində Vətən müharibəsi şəhidləri Bəhram və İman Məmmədzadə qardaşlarının, Binə qəsəbəsində Vətən Müharibəsi Qəhrəmanı şəhid Elçin Mansurovun və Şağan qəsəbəsində şəhid Orxan Əliyevin ailə üzvləri ilə görüşdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının xatirəsi yad edilib. 

Görüşlər zamanı şəhidlərimizin keçdiyi döyüş yollarından danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. ruhlarına dualar oxunub. Vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Xəzər rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı istiqamətində tədbirlər davam etdirilir.