Meksikanın Sinaloa ştatında hüquq-mühafizə orqanlarının narkokartelinin keçmiş lideri Xoakin Qusmanın oğlu Ovidio Qusman Lopezin saxlanması üçün keçirdiyi genişmiqyaslı əməliyyat zamanı azı 29 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə müdafiə naziri Luis Cresensio Sandoval mətbuat konfransında bildirib.

“Hökumət orqanlarının məlumatına görə, 19 qanun pozucusu həlak olub, 10 hərbçi xidməti borcunu yerinə yetirərkən həyatını itirib. Bundan başqa, 35 əsgər yaralanıb, onlara lazımi tibbi yardım göstərilir. Rəsmi məlumatlara görə, təhlükəsizlik qüvvələrinə hücumda şübhəli bilinən 21 nəfər saxlanılıb. Cinayətkarlardan onlarla odlu silah, o cümlədən iriçaplı tüfənglər götürülüb.

Narkobaronun oğlunun saxlanması Sinaloanın paytaxtı Kuliakanda vəziyyətin kəskin şəkildə gərginləşməsinə səbəb olub, küçələrdə atışma olub, bir neçə rayonda yollar yanan maşınlarla bağlanıb. Hazırda böyük şəhərdə vəziyyət hakimiyyətin nəzarəti altındadır, qarşıdurmaların nəticələri aradan qaldırılır.

Sinaloa narkotik karteli ilə əlaqəsi olan qrupun lideri olduğu iddia edilən Quzman Lopez cümə axşamı axşam saatlarında Mexikodakı Altiplano yüksək təhlükəsizlik həbsxanasına aparılıb. O, kokain, metamfetamin və marixuananı yaymaq üçün sui-qəsddə ittiham olunduğu ABŞ-a ekstradisiya tələbinə tabedir. Meksikanın xarici işlər naziri Marselo Ebrard artıq onun sürətləndirilmiş şəkildə Amerika ədliyyəsinə ekstradisiyasının mümkünlüyünü istisna edib.