Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 24-də peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi üzrə elektron formada sınaq imtahanı keçirəcək. İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda təşkil olunacaq.
Bu barədə "Unikal"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Sınaq imtahanında iştirak etmək istəyənlər iyulun 21-i saat 18:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalıdırlar (şəxsi kabineti olmayanlar). Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 40 manatdır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar (ətraflı məlumat DİM-in internet saytının epayment.dim.gov.az səhifəsində verilib).
Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub qeydiyyatdan keçmək lazımdır.
İmtahana buraxılış vərəqəsi imtahandan 4-5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək.