Seneqalın mərkəzində iki avtobusun toqquşması nəticəsində azı 40 nəfər həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə respublika prezidenti Maki Sal məlumat verib.

“Bu qədər insanın ölümünə səbəb olan qəzadan sonra mən üç günlük ümummilli matəm elan etmək qərarına gəldim, bu, yanvarın 9-da başlayacaq”, - dövlət başçısı Twitter-də yazıb. O, məlumat verib ki, yanvarın 9-da yol hərəkəti təhlükəsizliyinin və ictimai nəqliyyatın təmin edilməsi ilə bağlı həlledici tədbirlərin görülməsi üçün idarələrarası şuranın iclası keçiriləcək.

Seneqalın "Seneueb" xəbər portalı 41 ölü və 70-dən çox yaralanan, onlardan 10-nun vəziyyətinin ağır olduğu barədə məlumat yayıb. Daha əvvəl media 38 nəfərin öldüyünü bildirmişdi.

Qəza səhər tezdən Kafrin yaxınlığında baş verib. İlkin məlumata görə, avtobuslardan birinin təkəri partlayıb, sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib və nəticədə toqquşma baş verib.