"Bir neçə gündür sosial şəbəkələrdə İmişlidə müəllimin məktəbdə ayaqyolunda şəraitin yaxşı olmaması ilə bağlı şagirdlərə çağırış etməsi geniş müzakirə olunur. Burada bir neçə vacib məqama toxunmaq istəyirəm".
"Unikal" xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, Milli Məclisdə 2023-cü ilin büdcəsi müzakirə olunarkən bu məsələyə diqqəti çəkib:
"Son illər ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən, ölkəmizdə yüzlərlə məktəb təmir və bərpa olunub. Bu gün də işlər uğurla davam etdirilir. Ölkə rəhbərliyinin təhsilimizə diqqət və qayğısı ən yüksək səviyyədədir. Yeni açılan STEAM və uşaq-yaradıcılıq mərkəzləri bu fikri bir daha təsdiq edir. Ancaq onu da qeyd edək ki, bu gün bölgələrdə 1000-ə yaxın məktəb təmirsiz vəziyyətdədir. Hətta təmir olunan bəzi məktəblərdə bir sıra çatışmazlıqlar var. Bölgələrdə həqiqətən çox bərbad vəziyyətdə olan məktəblər var. Bölgələrə səfərim zamanı bunu dəfələrlə müşahidə etmiş, hətta aidiyyəti qurumlara müraciətlər də ünvanlamışam. Onların sürətli şəkildə təmirinə ciddi ehtiyac var".
Töhmət məsələsinə gəldikdə isə deputat qeyd edib ki, müəllimin uşaqlara məktəbə gəlməməklə bağlı çağırış etməsi düzgün deyil və qanun pozuntusudur:
"Ola bilsin müəllim əsəbiləşib belə mövqe sərgiləyib. Müəllimə töhmət bu məqsədlə də verilə bilər. Əgər töhmət müəllimə məsələni ictimailəşdirdiyinə görə verilibsə, bu, qəbuledilməzdir. Bütün hallarda məsələyə vaxtında reaksiya verilməli, həmin ayaqyolu aidiyyəti dövlət qurumları tərəfindən təmir edilməlidir. Bütün hallarda müəllimlərimizi sevməli və onları qorumalıyıq. Ümumiyyətlə aidiyyəti dövlət qurumları belə məsələlərə vaxtında və operativ reaksiya verməlidir ki, müzakirələr düzgün istiqamətdə aparılsın. Təhsilə qayğı hamımızın işidir. Hər birimiz təhsillə bağlı məsələlərə çox həssas yanaşmalıyıq. Dövlət qurumları öz fəaliyyətlərində ictimaiyyətin haqlı narazılığını və fikirlərini nəzərə almalıdırlar. Zamanında verilməyən reaksiyalar dövlət qurumlarının özlərinin fəaliyyətinə inamı zədələyir. Burada söhbət bütün dövlət qurumlarından gedir. Təəssüf ki, son vaxtlar bəzi dövlət qurumlarının fəaliyyətində bu həssaslıq heç də həmişə müşahidə olunmur".
Seymur Əli