"Ayaqyolu olmamasına etraz edən və töhmət alan Leyla müəlliməni ziyarət etdik və dəstəkləyirik. Bütün məktəblərdə bu və ya digər cəhətdən problemlər var".
Bunu "Unikal"a açıqlamasında İmişlinin deputatı Razi Nurullayev deyib. O bildirib ki, "ayaqyolu yoxdur" deyən müəllimi məzəmmət etmək, töhmət vermək yolverilməzdir:
"Töhməti müxtəlif yollarla, hüquqi don geyindirməklə əsaslandırmaq olar və artıq bu edilir. Lakin, hər kəs bilir ki, uşaqların məktəbə gəlməməsini istəyən müəllim bunu ritorik olaraq deyir, məsələyə diqqət çəkir və çəkə də bilib. Bu ayrıca bir uğur hekayəsidir. O dövlətə, hökumətə, xalqa və konkret şəxslərə qarşı çıxmayıb, o bizim məktəbə təhsil üçün göndərdiyimiz fidan balaların gələcəyi üçün həyəcan təbili çalıb.
İmişli rayonunun deputatı olaraq Leyla xanımı dəstəkləyir və yanındayam. Hər kəs görür ki, yeni məktəblər tikilir, təmir edilir və elə müəllimin işlədiyi Aranlı kənd məktəbi də bu il tikilməyə namizəddir. Amma, bu həqiqəti görüb susmağa, yalan danışmağa, yaltaqlanmağa və şəxsi mənfəətini düşünməyə əsas ola bilməz. Bütün Azərbaycan boyu məktəblərdə olan xırda problemləri həll etmək üçün əsaslı pul ayrılmasını, yeni məktəb tikintisini və s.-ni gözləməyə ehtiyac yoxdur".
Anar Kəlbiyev