Avropa İttifaqı İran-Britaniya vətəndaşı Əlireza Əkbərinin İranda edam edilməsini qəti şəkildə pisləyir və istənilən şəraitdə ölüm hökmünün tətbiqinə qarşı qəti mövqeyini bir daha bəyan edir.

"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin İranın keçmiş müdafiə nazirinin müavini Əlireza Əkbərinin Böyük Britaniyanın xeyrinə casusluq ittihamı ilə edam edilməsi ilə bağlı bəyanatında deyilir.

“Avropa İttifaqı cənab Əkbərinin ailəsinə başsağlığı verir və Böyük Britaniya ilə tam həmrəy olduğunu bildirir. Avropa vətəndaşının edam edilməsi Aİ-nin yaxından izləyəcəyi dəhşətli presedentdir.

Ölüm cəzası Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuş ayrılmaz yaşamaq hüququnu pozur və qəddar, qeyri-insani və ləyaqəti alçaldan cəzanın son formasıdır.

Avropa İttifaqı İranı gələcək edamlardan çəkinməyə və ölüm hökmünü ləğv etmək üçün ardıcıl siyasət yürütməyə çağırır”, - Aİ-nin bəyanatında deyilir.