Azərbaycanda təbii qaz hasilatının artması Macarıstanın və Mərkəzi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaya bilər. Lakin bu, regionda müvafiq infrastrukturun inkişafını tələb edir ki, bunun qurulması üçün də Avropa İttifaqının dəstəyi lazımdır.
"Unikal" xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Avropada yaranmış enerji böhranı səbəbindən Azərbaycanın enerji resurslarının vacibliyi artıb, qısa və uzunmüddətli dönəmdə Avropanın enerji diversifikasiyasında Azərbaycandan idxal olunan qaz vacib rol oynaya bilər.
"Hər kəsə aydın oldu ki, artıq diversifikasiyadan danışmaq kifayət deyil, bunun üçün fiziki məhdudiyyətlər var. Əgər Avropa yeni enerji mənbələri əldə edə bilməsə, yeni enerji nəqliyyat marşrutları qura bilməsə, enerji təchizatı təhlükəsiz olmayacaq.
Mümkün qədər tez zamanda Azərbaycanın resurslarından istifadə etmək bizim ölkəmizin marağındadır, lakin bunun üçün Cənub-şərqi və Mərkəzi Avropada lazımi infrastuktur qurulmalıdır", - o deyib.
Peter Siyarto bildirib ki, yeni interkonnektorlar tikilməli, nəqliyyat imkanları artırılmalıdır. Bunun üçün Avropa İttifaqının subsidiyalarına və resurslarına da ehtiyac var.
"Bolqarıstan, Rumıniya və Slovakiya ilə birlikdə biz Avropa Komissiyasına müraciət etdik ki, Brüssel bu məsələyə prioritet kimi yanaşsın və regionun enerji təhlükəsizliyini təmin etmək üçün lazımi inkişafa dəstək versin", - macarıstanlı nazir əlavə edib.