“Azərbaycan Parlamenti xalqın iradəsi ilə formalaşıb. Buna heç kimin şübhəsi ola bilməz. Bir deputat statusunda olan şəxsin xalqın iradəsinə kölgə salması qəbul edilməzdir”.

Bu fikirləri “Unikal”a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə səsləndirib. O deyib ki, Real Partiyasının Milli Məclisdəki təmsilçisi Erkin Qədirlinin parlamentin demokratik seçki əsasında formalaşmaması ilə bağlı fikirlərinin heç bir əsası yoxdur: 

“Azərbaycan xalqı seçkilərdə öz mövqeyini ifadə edib. Bir deputat necə deyə bilər ki, xalqın səsini almadan parlamentə düşüb? Axı burada heç bir məntiq yoxdur. Erkin Qədirli ya fikrini doğru ifadə etməyib, ya da bu cür əsassız fikirlər səsləndirərək siyasi xal qazanmağa çalışıb. Amma bu cür əsassız fikirlər səsləndirməklə özünün də təmsil olunduğu parlamentin legitimliyinə, qanuniliyinə kölgə salır. Mən bir parlament üzvü kimi bu cür fikirləri qəbul etmirəm və hesab edirəm ki, Erkin Qədirli bu məsələyə aydınlıq gətirməlidir. Heç kim xalqın iradəsindən üstün deyil və ona kölgə sala bilməz. Azərbaycan parlamenti xalqın mütləq iradəsini əks etdirir. Buna heç kimin şübhəsi yoxdur”.

Seymur Əli