Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES), "İnkişaf naminə idman" İctimai Birliyi (İNİ) və tərəfdaş təşkilatların dəstəyi ilə birgə həyata keçirilən "Sağlamlıq imkanları məhdud uşaqlar üçün bədən tərbiyəsi və idman sahəsində hibrid (onlayn və oflayn) qeyri-formal təhsilin (ixtisaslaşmış inklüziv təhsilə keçid) təşkili” layihəsi çərçivəsində Akademiyanın rektoru Fuad Hacıyev, Tədris və elmi işlər üzrə prorektor Təhminə Tağı-zadə və akademik heyət Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Entoni Seinsböri ilə görüşüb.

"Unikal" xəbər verir ki, görüş zamanı ölkəmizdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların bədən tərbiyəsi və idman sahəsinə cəlb olunması və idman vasitəsilə cəmiyyətdə inklüzivliyin inkişafına dəstəyin artırılması mövzuları müzakirə edilib. Layihə çərçivəsində hazırlanan tədris modulunun Akademiyanın ümumi tədris kurikulumuna uğurla inteqrasiyası və tətbiqi üçün ehtiyac duyulan praktiki işlərin görülməsinin zəruriliyi vurğulanıb.

Xarici ekpert bu sahədə beynəlxalq təcrübənin yerli şəraitə uyğun tətbiqi və bu sahədə hansı beynəlxalq metodologiyanın ASAPES üçün daha uğurlu model olacağına dair öz təcrübəsini bölüşüb.

Layihənin rəhbəri, Azərbaycan Milli Paralimpiya Komitəsinin fəxri vitse-prezidenti Natiq Qasımov layihə çərçivəsində nəzərdə tutulan işlər və icra planlarının gələcək perspektivləri barədə görüş iştirakçılarına məlumat verib.