Respublikanın Mərkəzi Aran və Şirvan-Salyan, Dağlıq Şirvan, Qazax-Tovuz iqtisadi rayonlarında havaların son vaxtlar qeyri-sabit keçməsi, atmosfer temperaturunun artması nəticəsində taxıllarda vaxtından əvvəl kollanma müşahidə olunur. Aparılan müşahidələr göstərir ki, hazırda taxıl sahələrində aktiv kollanma fazasının başlanığıcıdır.
"Unikal" xəbər verir ki, bununla əlaqədar olaraq taxılçılıqla məşğul olan fermerlərə tövsiyə olunur ki, taxıl əkin sahələrində bitkilərdə aktiv kollanma getdiyi zaman torpaq analizlərinin nəticələrinə uyğun olaraq hektara 100-150 kq fiziki çəkidə (NH4NO3) ammonium şorası səpilərək dərhal vegetasiya suvarması aparılmalıdır.
Ammonium şorası (NH4NO3) olmadığı təqdirdirdə 10 kq karbamid (CO(NH2)2) gübrəsini suda həll edib və 100 qr mis kuporosu (CuSO4x5H2O) 250-300 litr suya əlavə edərək həm də pas və digər xəstəliklərinin qarşısını almaq məqsədi ilə çiləmə aparmaq lazımdır.
Taxıl əkin sahələrində alaq otları (turpəng, tonqal otu, yabanı vələmir, gülül, qanqal və s.) müşahidə olunan zaman onlara qarşı mübarizə tədbiri olaraq herbsidlərdən istifadə etmək tövsiyə olunur. Mübarizə tədbiri aparan zaman bitkiləri herbisidin stress təsirindən qorumaq məqsədi ilə istifadə olunan herbsidin işçi məhluluna (250 litr) 15 kq (NH4NO3) ammonium şorası və yaxud 8-10 kq (CO(NH2)2) karbamid gübrəsi öncədən suda həll edilərək əlavə olunmaqla çilənməsi məqsədəmüvafiqdir.
Taxıl əkin sahələrində vaxtında zərərverici və xəstəlikləri müəyyən etmək məqsədilə bitki mühafizə əməkdaşları fermerlər ilə birgə intensiv fitosanitar müşahidələri aparmalı, hansı ərazilərdə sirayətlənmə müşahidə olunarsa, dərhal həmin ərazilərdə kimyəvi mübarizə tədbirləri həyata keçirilməlidir.