Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə (Su təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin icrasını təmin etmək məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bir sıra tədbirlər həyata keçirilib.
"Unikal" xəbər verir ki, su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üçün prosedurların minimuma endirilməsi, vaxt limitlərinin idarə edilməsi və elektronlaşdırılması məqsədilə "Tikinti obyektlərinin su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması" üzrə yeni qaydalar layihəsi hazırlanaraq təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim olunub.
Su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üçün bütün zəruri sənədlərin onlayn şəkildə bir platforma üzərindən əldə edilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət ünvanlanıb.
Su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üzrə müraciətlərin "ASAN Xidmət" və "ASAN Kommunal" mərkəzləri, KOB evləri vasitəsilə qəbul edilməsi, yekun sənədlərin həmin mərkəzlər vasitəsilə vahid pəncərə prinsipi əsasında təqdim edilməsi təmin olunub.
Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrasında səmərəliliyin artırılması məqsədilə “Azərsu” ASC-nin idarəetmə strukturunda dəyişikliklər edilib. “ASAN Kommunal” mərkəzləri ilə çevik əlaqələndirmə və koordinasiyanın aparılması üçün Strateji inkişaf və Asan Mərkəzlərlə işin təşkili departamenti yaradılıb. İstehlakçı hüquqlarının qorunması, müraciətlərə baxılması və nəzarətdə saxlanılması məqsədilə Şikayət və müraciətlərin araşdırılması şöbəsi yenidən təşkil edilib, su ilə bağlı ekoloji məsələlər üzrə Ekologiya şöbəsi yaradılıb.
Yol Xəritəsində nəzərdə tutulan tədbirlər barədə məlumat əlçatanlığının artırılması, ictimaiyyətin maarifləndirilməsi məqsədilə “Azərsu” ASC-nin internet səhifəsinin funksionallığı artırılıb və saytda “Su təchizatı şəbəkəsinə qoşulma”, su təchizatı sistemlərində aparılacaq planlı təmir işləri ilə əlaqədar yarana biləcək fasilələrlə bağlı istehlakçıların öncədən məlumatlandırılması məqsədilə "Su təchizatında fasilə" bölmələri yaradılıb.
“Azərsu” ASC-nin internet səhifəsinin funksionallığının artırılması, su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üçün zəruri sənədlərin onlayn şəkildə bir platforma üzərindən əldə edilməsi digər qurumların sistemlərinə inteqrasiyasının təmin olunması istiqamətində işlər isə davam etirilir.