"Bu gün İranda 40 milyon azərbaycanlı yaşayır, amma İran dövləti bu tayda olan 10 milyonluq Azərbaycan xalqının haqqını, hüququnu tanımır və ona hörmət eləmir".

Bunu "Unikal"a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı deyib. O bildirib ki, İran dövləti Azərbaycanın torpaqlarının işğal altında olduğu dövrdə bir dəfə də olsun səsini çıxarmayıb:

"Azərbaycan öz torpaqlarını azad edəndə İran xofa düşdü və gedib Ermənistanın yanında dayandı. O zaman İran mənim necə şiə qardaşım ola bilər? Belə olan halda necə özlərini bütün müsəlmanların rəhbəri hesab edə bilərlər? 

Bir nəfər deyə bilər mi ki, 30 il ərzində İran ərazisində bir erməninin burnu qanayıb? Həmin müddət ərzində İranda azərbaycanlılara qarşı çox sayda məhkəmə işləri olub. Bizim iş adamlarının hüquqları tapdalanıb, mülkləri əlindən alınıb və əliboş bu tərəfə göndəriliblər. Bir sözlə, İranda azərbaycanlılara qarşı xəyanət elementləri çoxdur. Son nəticədə isə açıq-aşkar bizim səfirliyimizə hücum etdilər və vətəndaşımızı şəhid etdilər. 

Dövlətimizin bütün orqanları bilirdilər ki, İkinci Qarabağ müharibəsində İran ordusu kəşfiyyat məlumatlarını Ermənistana ötürüb və onlara yardımçı olub. Biz bu məsələləri dövlət olaraq dilə gətirmək istəmirdik. Baxmayaraq ki, İran Ermənistana silah-sursat da göndərirdi. Yəni, İran dövləti türk düşmənçiliyinə yönəlmiş siyasət yeridir. Onlar 30 il ərzində Qarabağın sökülüb-dağıdılması prosesində də iştirak ediblər. 

Məsələ artıq gəlib o yerə çatıb ki, İran prezidenti, millət vəkilləri və ordu komandanları Azərbaycanı və Naxçıvanı işğalla hədələyirlər, amma onlar bunu edə bilməzlər. Ona görə ki, Azərbaycan artıq 20 il əvvəlki Azərbaycan deyil. 

Biz cənubdakı 40 milyon azərbaycanlının haqlarını qorumaq üçün ölməyə və öldürməyə hazırıq. Güney azərbaycanlılar mütləq öz istiqlalına qovuşacaqlar. İran bizdən qorxsun, bizim qorxacaq bir şeyimiz yoxdur. Onlar bizim üzərimizə silahla gəlirlər, amma biz onları əliyalın tərk-silah etməyə qadir olan türk millətinin övladlarıyıq. Biz heç kimi hədələmirik. Sadəcə olaraq haqq və hüquqlarımızı tələb edirik", - deyə o qeyd edib.

Nurəddin Mehdixanlı həmçinin xarici ölkələrdə Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərən bloqerlərlə bağlı fikirlərini də söyləyib:

"Hökümətə müxalif olmaq olar. Sənin hakimiyyətin hansısa bir qurumu ilə problemin yaşanmış ola bilər, amma dövlətə müxalif olmaq olmaz. Dövlətə müxalif olmaq mənsub olduğu millətə müxalif olmaq deməkdir və bu, xəyanətdir".

Murad İbrahimli