Azərbaycan dünya diplomatiyasında rolunu və mövqeyini getdikcə daha da möhkəmləndirir. Bu siyasi vəziyyət birdən-birə formalaşmayıb, bugünkü nüfuzlu, güclü Azərbaycan modelinin arxasında gərgin əmək, incəliklə düşünülmüş diplomatik manevrlər dayanır.

Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi Azərbaycan və onun siyasi rəhbəri dünyada sözünə etimad edilən etibarlı tərəfdaş kimi tanınır. Xüsusilə Azərbaycanın Avropa ölkələri ilə bir çox sahələri əhatə edən əlaqələri son illərdə intensivləşən qarşılıqlı səfərlər, keçirilən görüşlər, imzalanan sənədlərlə daha da möhkəmlənir və genişlənir. Bu baxımdan, Macarıstan ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlər ciddi sınaqlardan çıxıb. Uzunmüddətli münasibətlər, həmçinin Prezident İlham Əliyev və Baş nazir Viktor Orbanın xüsusilə Türk dünyası çərçivəsində sıx əlaqələri iki ölkə arasında imzalanması nəzərdə tutulan sənədlərin üç gün kimi qısa müddətə razılaşdırılmasının əsas səbəblərindəndir. Prezident Əliyev çıxışında bunu belə ifadə etdi: “Milli ənənələrə sadiqlik, ailə dəyərlərinin qiymətləndirilməsi kimi prinsiplər bizim həyat prinsiplərimizdir. Həm ikitərəfli münasibətlərə baxışlarımız eynidir, həmçinin dünyada gedən prosesləri də biz eyni prizmadan qiymətləndiririk”. Bu baxımdan Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri hər iki ölkə üçün əhəmiyyətlidir, əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın dərinləşməsinə mühüm təsir göstərəcək. Bildiyimiz kimi, Macarıstanla dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq kontekstində inkişaf edən əlaqələrimiz siyasi və iqtisadi sahədə daha genişdir. Məlumdur ki, Macarıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır. Ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olundu. Həmçinin hər iki ölkənin iqtisadi potensialı, imzalan sənədlər bu sahədə əməkdaşlıqda geniş imkanlar açır. Macarıstan Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində, Azərbaycan isə bu ölkəyə 18,1 milyon ABŞ dolları investisiya yatırıb. Macarıstan enerji sahəsində ölkəmizlə əməkdaşlığa üstünlük verir, Cənub Qaz Dəhlizinə qoşulmaq istədiyini bildirir. Xüsusi olaraq vurğulayım ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan-Macarıstan əlaqələri yüksək səviyyədədir.

Tarixi köklərinə bağlı olan Macarıstan 2018-ci ildən Təşkilatda müşahidəçi kimi təmsil olunur və üzv ölkələrlə münasibətlərə böyük önəm verir. Xüsusilə, strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamənin imzalanması bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar. Macarıstanın Baş naziri Viktor Orban Prezident İlham Əliyev haqqında dediyi fikirlər həmdə ona barzi nümunədir ki, iki ölkə başçıları arasında olan dostluq münasibətləri dövlətləararası əlaqələrə də yansımışdır. Macarıstanın Baş naziri Viktor Orban görüşdə demişdir: “Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meylliyik və o daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm. Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə, Macarıstan isə qərbdə Almaniya, şərqdə Rusiya ilə həmsərhəddir. Biz bundan keçmişik. Biz vəziyyətə bələdik. Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu, bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov