“Bu gün ölkədə yüzminlərlə qeyri-qanuni tikinti var. Bunun da böyük hissəsi məhz bələdiyyələrin ərazisində tikilib”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, qanunsuz tikililərə görə bələdiyyələr vergi toplaya bilmir, çünki evlərin sənədi yoxdur:
“İlk növbədə torpaq mülkiyyətçisinin müəyyənləşdirilməsi dəqiqləşdirilməlidir. Kimsə istədiyi yerdə ev tikə bilməz. Pay torpağında tikilən evlərin sənədləşdirilməsi mümkün deyil. Ona görə də vətəndaşlara izah edilməlidir. Əkin üçün yararlı olan sahələrə ciddi diqqət yetirilməlidir. Torpaqların hər birinin suvarılması və icarəyə verilməsində də problemlər mövcuddur”.
S.Novruzov əlavə edib ki, bu gün hələ də bələdiyyələrə məxsus torpaqların xəritələri verilmir: “Bu səbəbdən də bələdiyyələr qazi və şəhid ailələrini ev tikintisi ilə bağlı torpaqla təmin edə bilmir”.
Anar Kəlbiyev