Bu gün baş leytenant Fuad Bağırovun şəhadətə qovuşmasından bir il ötür.
Fuad Bağırov 3 noyabr 1991-ci ildə Şirvan şəhərində anadan olmuşdur. 1998-2009-cu illərdə Mübariz İsrayılov adına Şirvan şəhər 18 nömrəli tam orta məktəbdə, 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. O, 2013-cü ildə "leytenant" rütbəsində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb.
Fuad Bağırov Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edib. O, "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Vətən müharibəsindən sonra baş leytenant Fuad Bağırov Kəlbəcər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətinə davam edib.
O, 29 yanvar 2022-ci ildə Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən 3 hərbi qulluqçu ilə birgə itkin düşüb. Hərbçimizin axtarışları üç gün davam edib. Onun nəşi 31 yanvar 2022-ci ildə tapılıb və ertəsi gün Şirvan Şəhidlər Xiyabanında dəfn edilib. Fuad Bağırova şəhid statusu verilib. Ailəli idi, bir oğlu və bir qızı yadigar qalıb.
Prezident İlham Əliyevin sərəncamına əsasən Fuad Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
"Unikal"ın əməkdaşları şəhid olmasının ildönümü günündə Fuad Bağırovun ailəsinə baş çəkib və onun ailə üzvləri ilə həmsöhbət olublar.
Müxbir: Murad İbrahimli
Video: Ayxan Məlikov