Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Gənclər Günü ilə əlaqədar “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda neftçalalı gənclərlə dəyirmi masada geniş görüş keçirib.
"Unikal" xəbər verir ki, görüşə RİH-nin məsul şəxsləri, ictimai fəallığı ilə seçilən gənclər, Vətən müharibəsi iştirakçıları qatılıb.
Görüşdə çıxış edən icra başçısı Gənclər Gününün yaranması haqqında danışıb. Bildirib ki, bu günlə bağlı Ümummilli Lider Heydər Əliyev 1997-ci ilin fevralın 1-i “2 Fevral – Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 2 fevral Azərbaycan Gəncləri Günü kimi qeyd edilir.
M.Seyidov Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısından, ölkə miqyasında aparılan gəncləşmə siyasətindən və gənclərin daha səmərəli inkişaf etməsi üçün yaradılan şəraitdən danışıb.
Görüşdə gənclər açıq mikrofon vasitəsilə icra başçısına öz istək və təkliflərini bildiriblər. Gənclər tərəfindən xarici dil kurslarının təşkil edilməsi, gənc fotoqraflar üçün fotostudiyanın yaradılması, gənclərə peşə seçimində dəstək məqsədilə təlimlərin keçirilməsi, onların asudə vaxtının səmərəli keçirilməsi üçün məkanların təşkil edilməsi, eləcə də sosialyönümlü təkliflər səsləndirilib. Qeyd olunan məsələlər gənclərlə müzakirə olunub və həlli istiqamətində qanunamüvafiq addımların atılacağı diqqətə çatdırılıb.