Lənkəran Şəhər İcra Hakimiyyəti və YAP Lənkəran rayon təşkilatının birgə təşkilatçılığı ilə fevralın 1-də “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib.
"Unikal" xəbər verir ki, tədbir iştirakçıları ilk olaraq Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətininin müxtəlif dövrlərini əks etdirən foto-stendə, kitablara və rəsm sərgisinə baxıblar. Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Lənkəran ŞİH başçısının müavini Mikayıl Cəfərzadə və YAP rayon təşkilatının sədri İqbal Əmənullayev çıxış ediblər. Natiqlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gəncinə göstərdiyi diqqət və qayğıdan, onun gənclər siyasətinin formalaşdırılmasındakı rolundan danışıblar. Bildirilib ki, cəmiyyətin ən dinamik təbəqəsi kimi gənclər ölkənin və millətin gələcəyi, onun inkişafının və yüksəlişinin əsas meyarıdır. Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra gənclər siyasəti sahəsində sabit tərəqqi təmin edilib, bu istiqamətdə milli hüquqi – qanunvericilik bazası formalaşıb. Çıxışlarda Azərbaycan tarixində gənclərlə bağlı vahid dövlət siyasətinin məhz 1993-cü ildən həyata keçirilməyə başlanıldığı və bu işin bilavasitə Heydər Əliyevin adı ilə bağlı olduğu ifadə edilib. Natiqlər qeyd ediblər ki, əsası Ümummilli Lider tərəfindən qoyulan gənclər siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində özünün dinamik inkişaf mərhələsini yaşayır. Artıq Azərbaycan gəncliyi bütün sahələrdə inkişaf yolu keçir, vətənpərvər, dövlətinə sadiq, milli maraqları hər şeydən üstün tutan gənclik formalaşıb ki, bununla qürur duymaq olar.
Sonda YAP sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri və Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatında səmərəli fəaliyyətinə görə 2 fevral Gənclər günü münasibətilə fəxri fərmanlar təqdim edilib.