Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası, “Coders Azerbaijan” və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technest” Təqaüd proqramının birgə təşkilatçılığı ilə “Winter Cyber Security Camp” formatında təlimlərə start verilib.
"Unikal" xəbər verir ki, kamp Azərbaycan Gömrük Akademiyasında təhsil alan 20 nəfər 1-4-cü kurs tələbəsini əhatə edir.
Dərslər 1-14 fevral tarixlərində Gömrük Akademiyasının tədris binasında və “Coders Azerbaijan” proqramlaşdırma mərkəzində keçiriləcək. Təqaüdçülər intensiv tədrisdə iştirak edərək həm nəzəri, həm də praktiki bilik və bacarıqlar qazanacaq, kampın sonunda qruplar halında layihə təqdim edəcəklər.
Tədris prosesinə yerli ekspertlərlə yanaşı, Türkiyənin məşhur Karmasis və GAİS kibertəhlükəsizlik şirkətlərinin ekspertləri cəlb edilib.
Proqramın yekununda iştirakçıların Azərbaycan Dövlət Gömrük Komitəsində işlə təmin olunacağı gözlənilir.
Xatırladaq ki, “Technest” Təqaüd Proqramı 2021-ci ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təsis olunub. Əsas məqsəd ölkədə İKT istiqamətində təhsil imkanlarını əlçatan etmək və bu sahənin inkişafına töhfə verməkdir. Təqaüd proqramı üzrə yerli brend olan “Technest” – ölkədə ilk İKT kadr bankının yaradılmasına və təqaüdçülərin əmək bazarına inteqrasiyasının təmin olunmasına xidmət edir.