“Havaların kəskin soyuması ilə əlaqədar təbii qaza olan tələbat artıb. Buna baxmayaraq tələbata uyğun olaraq abonentlərin təbii qazla təmin olunması icra olunur və bu sahədə hər hansı problem yoxdur”.
"Unikal" xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı deyib.
Şöbə rəisi bildirib ki, bu ilin 9 fevral tarixində 42 milyon 721 min kub metr qaz qəbul edilib: “Bunun 24 milyon 555 min kub metri Bakı və Abşeron yarımadasının, 18 milyon 166 min kub metri isə regionların payına düşür”. Qurum rəsmisi həmçinin qeydə alınan göstəricilərin ötən ilin mövcud günü ilə müqayisədə 8 milyon 170 min kub metr çox olduğunu da diqqətə çatdırıb. Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev havanın kəskin soyuması ilə əlaqədar son 3 gün ərzində qaz təsərrüfatına dəyən ziyandan söz açıb: “10 ünvanda ağac və daş hasarların aşması nəticəsində sayğaclara ziyan dəyib, 1 ünvanda isə avto qəza baş verib.
Qəza nəticəsində diametri 219 mm olan orta təzyiqli qaz xətti qırılıb, nəticədə 1500 abonent qazsız qalıb”, - deyə qurum rəsmisi qeyd edib. Onun sözlərinə görə hadisə baş verəndən sonra dərhal Birlik əməkdaşları əraziyə cəlb olunub və qısa müddət ərzində qəza nəticələri aradan qaldırılıb.