İtaliya-Azərbaycan əlaqələri o qədər dərin və səmimidir ki, biz özümüz üçün ən vacib saydığımız layihələri məhz İtaliya şirkətlərinə həvalə etmişik.
"Unikal" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Mingəçevir şəhərində İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edən İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.
Bakı şəhərində, azad edilmiş bir çox şəhərlərdə Qələbə və İşğal muzeylərinin İtaliya şirkətləri tərəfindən yaradıldığını qeyd edən dövlətimizin başçısı deyib: “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində dağılmış 3 məscid və yeni inşa edilən 1 məscid İtaliya şirkətləri tərəfindən bərpa olunur və inşa edilir. Yəni, bütün digər sahələrlə yanaşı, qeyd etdiyim bu layihələr bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu, bizim həm tarixi keçmişimizdir, eyni zamanda, Qələbəni əks etdirən yeni rəmzlər olacaq”.