Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Geomatika kafedrasında “Geodezi ölçmələr vasitəsilə sürüşmə hadisələrinin qiymətləndirilməsi” mövzusunda elmi seminar keçirilib.
"Unikal" xəbər verir ki, seminarda kafedranın professor-müəllim heyyəti və elmi işçiləri iştirak ediblər.
Geomatika kafedrasının baş müəllimi Cavid Mehdiyev geniş məruzə ilə çıxış edib. O, sürüşmələrin proqnozlaşdırılması və tədqiqi üçün keyfiyyətcə yeni üsul və metodikaların işlənilməsindən, proqnozlaşdırılmanın metodoloji məsələlərindən danışıb.
Cavid Mehdiyev çıxışında, həmçinin zəlzələlər zamanı baş verən sürüşmələrdə yaranan yerdəyişmələrdən, Azərbaycan ərazisində sürüşmələr tərəfindən landşafta və ətraf mühitə yönəlmiş risklərin və təhlükələrin qiymətləndirilməsi, geodinamiki və geomorfoloji modellərin təkmilləşdirilməsi, sürüşmələrin analizi və proqramlaşdırılmasına da toxunub. Məruzəçi GPS ölçmələri və məsafədən zondlama üsullarının tətbiqi, ölçmə şəbəkələrinin yaradılması və sürüşmə nəticələrinin aradan qaldırılması ilə bağlı ən son elmi-texniki araşdırmalara və bu araşdırmaların tətbiqi məsələlərinə diqqət çəkib. Alim qeyd edib ki, sürüşmələr tərəfindən landşafta və ətraf mühitə yönəlmiş risklərin və təhlükələrin aradan qaldırılması aktual prolemlərdən biridir.
Sonda məruzə ətrafında müzakirələr təşkil olunub. Məruzəçi və Geometika kafedrasının alimləri müzakirə olunan mövzu ətrafında, xüsusilə sürüşmələrin landşafta təsiri ilə bağlı geniş fikir mübadiləsi aparıblar.