Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, qrupun üzvləri, millət vəkilləri Eldar İbrahimov və Eldar Quliyev qardaş Türkiyədə baş vermiş təbii fəlakət - çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ ilə əlaqədar Türkiyə səfirliyini ziyarət ediblər.
"Unikal" xəbər veri ki, görüş zamanı dəhşətli zəlzələdə həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilib, dualar oxunulub. Daha sonra Türkiyənin Azərbaycandakı Səfiri Cahid Bağçı ilə görüşən ziyarətçilər, Kahramanmaraş başda olmaqla, 10 vilayətdə baş verən dəhşətli zəlzələnin ağır nəticələrindən üzüldüklərini bildiriblər. Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov qeyd edib ki, Azərbaycan və Türkiyə sevincini və kədərini bölüşən bir millət və iki dövlətdir. Biz öz bacı və qardaşlarımızın yanındayıq.
Bir necə gün öncə Türkiyənin Azərbaycandakı səfirliyində olarkən Azərbaycan Prezidenti cənab İlham Əliyev "Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır.” söyləməsi bizim birliyimizin təcəssümüdür. Baş vermiş bu ağır fəlakətdə həlak olanlar, yaralananlar bizim bacı və qardaşlarımız, övladlarımızdır. Hər birimiz bu çətin günlərdə qardaş ölkəyə yardım etməyə hazırıq. Azərbaycan Türkiyənin yaralarını sarmaq və dəstək olmaq üçün səfərbər olub. Milli Məclisdə hörmətli spikerimiz sahibə Qafarovanın rəhbərliyi ilə ölkə prezidenti cənab ilham Əliyevin təqdir etdiyi yardım aksiyasına qoşulub. Türkiyə güclü dövlətdir, onun cümhur başqanı güclü liderdir, inanırıq ki, qardaş dövlət bu ağır imtahandan şərəflə çıxacaq. Bir daha uca Tanrıdan zəlzələ zamanı həlak olan bütün qardaş-bacılarımıza rəhmət diləyir, yaralılara tezliklə sağalmalarını, dağıntılar altında qalanların sağ - salamat xilas olmasını arzulayıram!
Səfir Cahit Bağçı Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinə təşəkkür edib. Səfir bildirib ki, bu acı xəbər yayılandan səfirlik davamlı olaraq ziyarət olunur, zəlzələdən zərər çəkənlərə dövlət səviyyəsində dəstək və müxtəlif təşkilatlar, vətəndaşlar tərəfindən təşkil olunan yardımlar bir daha qardaşlığımızın nə qədər qüdrətli və sarsılmaz olduğunun göstəricisidir.