Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Qazax-Bakı, Bakı-Ağcabədi-Bakı, Bakı-Biləsuvar-Bakı, Bakı-Quba-Bakı və Bakı-Qusar-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.
"Unikal" xəbər verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil edilir.
İddiaçılar müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri martın 1-i saat 17:00-dək, ixtisas məlumatlarını isə martın 15-i saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi, 5, əlaqələndirici şəxs: Ramil Musayev – tel.: 012-567-99-76, 055-512-34-97, e-poçt: [email protected]) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq.
İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Qazax-Bakı, Bakı-Ağcabədi-Bakı, Bakı-Biləsuvar-Bakı və Bakı-Quba-Bakı istiqamətlərində 5 Lot üzrə martın 28-də, Bakı-Quba-Bakı istiqamətində hərəsində 5 Lot üzrə martın 31-i, aprelin 4-ü və 7-də, Bakı-Quba-Bakı və Bakı-Qusar-Bakı istiqamətlərində 5 Lot üzrə aprelin 11-də müsabiqə keçirilən zaman açılacaq. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.
Qeyd edək ki, şəhərlərarası marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.