Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününə həsr olunmuş tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə institutun Qadınlar şurası, Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ), institutun əməkdaşları və dəvət olunmuş qonaqlar iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan İSİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Qadınlar şurasının sədr müavini, i.ü.f.d. Aygün Əliyeva BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən fevralın 11-i “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü elan edildiyini qeyd edərək qadınların cəmiyyətin həyatında oynadığı roldan, tutduğu yüksək mövqedən bəhs edib. A.Əliyeva qadınların elm və təhsildə iştirakı ilə bağlı dövlət siyasətinin uğurla həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısından bəhs edib. Alim bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib, onlara elmi nailiyyətlər arzulayıb.
Sonra İSİ GAMŞ sədri, kiçik elmi işçi Lamiyə Nəcəfova “Qadınlar və qızlar İKT-də” mövzusunda çıxış edib. L.Nəcəfova informasiya texnologiyalarının gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasında əhəmiyyətli rolundan danışıb. Bildirib ki, informasiya texnologiyaları qadınlara məhsuldar iş, reproduktiv fəaliyyət və ictimai həyatda iştirak üçün vacib olan məlumatları əldə etmək imkanı verir. İT sektorunda qadınların iştirakının artırılmasında dünya təcrübəsindən bəhs edən L.Nəcəfova, həmçinin bu sahədə ölkəmizdə görülən işlərdən söz açıb. O, qeyd edib ki, Azərbaycanda qadınlar informasiya cəmiyyətinin və rəqəmsal iqtisadiyyatın inkişafında aktiv iştirak edirlər. Ölkədə qadınların elmi sahələrdə uğurlu karyera qurması istiqamətində dövlət siyasəti uğurla həyata keçirilir, müvafiq platformalar fəaliyyət göstərir, proqramlar tətbiq edilir, gender bərabərliyi sahəsinə xüsusi diqqət ayrılır.
Çıxışının sonunda qadınların İKT-yə cəlb edilməsinin vacibliyindən və bu sahədə çalışan dünyanın qabaqcıl qadınlarından bəhs edən L.Nəcəfova tədbir iştirakçılarını təbrik edib, elmi fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib.
Daha sonra dosent Könül Ömərova çıxış edərək müasir dövrdə Azərbaycan qadınlarına verilən dəyər, onların elm və təhsilin inkişafında rolu və texniki sahədə qadınların əldə etdiyi uğurlardan söz açıb. Azərbaycanın müxtəlif elmi sahələrdə önəmli rol oynayan qadın alimlərindən söz açan K.Ömərova Azərbaycanda ilk riyaziyyatçı qadın, t.e.d., professor Tamilla Nəsirovanın zəngin elmi fəaliyyətindən, mənalı ömür yolundan bəhs edib. Görkəmli alimlə bağlı xaitərlərini bölüşən K.Ömərova onun ölkədə riyaziyyat elminin inkişafındakı rolundan, kadr potensialının artırılmasında göstərdiyi müstəsna xidmətlərdən söz açıb.
Sonra Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının GAMŞ sədri Aynurə Həsənova “Kosmik uçuşlarda qadınların rolu” adlı məruzə edib. Astronomiya və astrofizika sahəsində çalışan qadınlardan bəhs edən A.Həsənova bu sahədə mövcud problemlərdən söz açıb. O, kosmonavtika sahəsində böyük uğurlar əldə etmiş qadın kosmonavtlardan, o cümlədən kosmosa uçuş edən ilk qadın Valentina Tereşkova, Svetlana Savitskaya, Salli Rayd, Mey Cemson və digər görkəmli alimlərdən söz açıb.
Sonda elmi işçi Səyyarə Hidayətzadə “Ailə və elmi karyera” mövzusunda çıxış edib. O, qeyd edib ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqın adını uca tutub. Çağdaş Azərbaycan qadını fədakar ana olmaqla yanaşı, həm də peşəkar elm xadimi, bacarıqlı siyasətçi və xalqın etimadını qazanan dövlət məmurudur. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkədə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınların böyük rolu olduğunu qeyd edən S.Hidayətzadə bu əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib, elmi fəaliyyətlərində uğurlar arzulayıb.