Trans-Adriatik Boru Kəməri (TAP) İtaliyaya qaz tədarükünün diversifikasiyası prosesində getdikcə daha mühüm rol oynayacaq.
"Unikal" xəbər verir ki, bu barədə İtaliyanın Il Messaggero qəzetində deyilir.
"Rus qazının idxalından azad olmaq istəyən İtaliya diversifikasiya strategiyasının reallaşdırılmasına başlayıb. Buraya Afrika ölkələri ilə əlaqələrin yaxşılaşdırılması da daxildir", - məqalədə deyilir.
Müəllifin sözlərinə görə, strategiya İtaliyanın bütün Avropa üçün Aralıq Dənizi Enerji Mərkəzinə çevrilməsini nəzərdə tutur. Məqsəd təkcə illik daxili tələbatın qarşılanması deyil (hazırda təqribən 72 milyard kubmetr təşkil edir), həm də digər ölkələrə ixracdır. Maksimum qanunvericilik dövrü müddətində, yəni beş il ərzində reallaşdırılmalı olan plan İtaliyaya 140 milyard kubmetr qaz nəqlinə yönəlib.
"Bu baxımdan, 878 km uzunluğa malik, Azərbaycandan İtaliyanın Apuliya bölgəsinə qaz nəql edən TAP boru kəməri getdikcə daha çox rol oynayacaq. Əsas hədəf illik nəql olunan qaz həcminin hazırkı 10 milyard kubmetrdən 20 milyard kubmetrədək ikiqat artırılmasından ibarət olacaq", - məqalədə deyilir.
Müəllif “Made in Italy” naziri Adolfo Ursonun Azərbaycana gəldiyini və burada, həmçinin, Azərbaycanla enerji sahəsində qarşılıqlı əlaqələri müzakirə edəcəyini yazır.
Qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr ayları ərzində İtaliyaya ixrac edilən Azərbaycan qazının həcmi 8,69 milyard kubmetr təşkil edib ki, bu da illik hesablamada 50,3 faiz yüksəkdir. Beləliklə, hesabat dövründə İtaliya Azərbaycan qazının əsas idxalçıları arasında birinci yeri tutub.