Çəltikçiliyin elmi əsaslarla inkişaf etdirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Toxum Fondu və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun nümayəndə heyəti Pakistan İslam Respublikasında səfərdədirlər.
"Unikal" xəbər verir ki, səfərin ilk günündə Dövlət Toxum Fondunun sədri Sərxan Sərxanov və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev Pakistan Kənd Təsərrüfatı Tədqiqatları Şurasının sədri, professor Qulam Məhəmməd Əli ilə görüşüb. Görüşdə çəltik bitkisinin tәsərrüfat әhәmiyyәti, ərzaq təhlükəsizliyində rolu, çəltikçilik sahəsində görülən işlər, Azərbaycanda çəltikçiliyə göstərilən dövlət dəstəyi müzakirə olunub. Respublikamızda çəltik istehsalı kənd təsərrüfatında vacib sahələrdən biri olduğundan bu sahədə məhsuldarlığın daha da artırılmasının vacibliyi vurğulanıb.
Qeyd olunub ki, 2022-ci ildə ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən çəltiyin yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı sortlarının yaradılması, introduksiyası, yerli şəraitə adaptasiyası və toxumçuluğunun təşkili istiqamətində tədqiqat işlərinə başlanılıb və institutda “Çəltik bitkisinin seleksiyası və becərmə texnologiyası” şöbəsi yaradılıb.
Görüşdə çəltikçiliyin inkişafı ilə bağlı cari ildə görüləcək işlər, yerli toxum sortlarının Azərbaycana inteqrasiya olunması, Pakistan təcrübəsindən istifadə edərək kadr hazırlığı, ölkəmizin torpaq-iqlim şəraitinə uyğun olan yerli sortların yaradılması üçün genetik materialların Azərbaycana gətirilməsi barədə razılıq əldə edilib.
Pakistan Kənd Təsərrüfatı Tədqiqatları Şurasının sədri Qulam Məhəmməd Əli Azərbaycan ilə çəltikçilik sahəsində əməkdaşlığa hazır olduqlarını, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.