Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrinin dördünün də meyiti tapılıb.
"Unikal" xəbər verir ki, bu barədə report-a Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatyadan olan millət vəkili Ahmet Çakır bildirib.
Millət vəkili deyib ki, meyitlərin üzərində tibbi ekspertiza aparılıb və onların Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə olduğu müəyyən edilib.
Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanları arasında Malatya şəhərindəki İnönü Universitetinin tələbələri olan - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan bu günədək heç bir məlumat yox idi. Onların yaşadığı bina zəlzələnin təsirindən ağır dərəcədə dağıntıya məruz qalıb.
xxx
20:37
Türkiyədə dağıntılar atlında qalan 4 azərbaycanlı tələbədən birinin nəşi tapılıb.
"Unikal" AZTV-yə istinadən xəbər verir ki, Şahin Verdiyevin təbii fəlakət nəticəsində ölməsi təsdiqlənib. Öncə dağıntılar altından onun əşyaları tapılıb. Sonradan dağıntılar altından çıxarılan meyitlərdən birinin ekspertizası aparılıb.
Ş. Verdiyevin dayısı Azər Hüseynov dağıntılar altından çıxarılan nəşin bacısı oğluna aid olduğunu təsdiqləyib.
Nəşin yaxın vaxtlarda Azərbaycana göndəriləcəyi bildirilir.