Türkiyənin İstanbul şəhərində VIII Avrasiya Ali Təhsil Sammiti – EURIE 2023 keçirilib.
"Unikal" xəbər verir ki, EURIE dünya üzrə 2500-ə qədər beynəlxalq təhsil mütəxəssisini birləşdirən platformadır. Sammitdə yüksək səviyyəli akademik liderlər, xaricdə təhsil koordinatorları, beynəlxalq marketinq və işə qəbul üzrə işçilər, universitetlərin beynəlxalq tələbə məsləhətçiləri və sektorun digər maraqlı tərəfləri iştirak edirlər.
İstanbulun Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Mərkəzində təşkil olunan VIII sammitdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) ictimaiyyətlə əlaqələr və marketinq mərkəzinin rəhbəri İsa Muradov və beynəlxalq əlaqələr şöbəsinin böyük mütəxəssisi Natiq Məhəməliyev təmsil ediblər.
Sammit çərçivəsində sərgi və konfranslar təşkil olunub. Burada sərgi iştirakçısı olan təşkilatlar üçün effektiv şəbəkələşmə, akademik əməkdaşlıq və biznesin inkişafı imkanları yaradılıb.
Qeyd edək ki, dünya üzrə 125-dən çox üzv və tərəfdaş institutu özündə birləşdirən EURIE Avrasiya Universitetlər İttifaqı – EURAS tərəfindən rəsmi olaraq təsdiqlənib.