Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib. Tədbirdə institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, gənc alim və mütəxəssislər iştirak ediblər.
"Unikal" xəbər verir ki, əvvəlcə İSİ əməkdaşları tərəfindən hazırlanan Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbiri giriş nitqi ilə açan İSİ-nin baş direktoru, akademik Əli Abbbasov müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda informasiya texnologiyalarının inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan söz açıb, dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşüb. Akademik təkcə Azərbaycanda deyil, ümumilikdə SSRİ məkanında yüksək iradəsi, uzaqgörən siyasəti ilə seçilən Ümummilli Liderin həyatı və siyasi fəaliyyətinin müxtəlif mərhələlərini ətraflı şəkildə xarakterizə edib. Qeyd edib ki, 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən sonra ölkədə köklü dəyişikliklər baş verdi. Ulu Öndərin müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti sayəsində 70-80-ci illərdə Azərbaycan regionda qabaqcıl dövlətlərdən birinə çevrildi, aqrar ölkədən sənaye ölkəsinə keçidin əsası qoyuldu.
Ümummilli Liderin siyasi fəaliyyətinin 1982-1987-ci illərindən söz açan Ə.Abbasov onun SSRİ rəhbərliyində Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda apardığı mübarizədən, göstərilən təzyiqlər qarşısında qətiyyətli mövqeyindən bəhs edib. Qeyd edib ki, ötən əsrin 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində Azərbaycan xalqının üzləşdiyi çətin siyasi mənzərə və müstəqilliyin itirilməsi təhlükəsi yalnız Heydər Əliyev kimi uzaqgörən, qətiyyətli bir öndərin rəhbərliyi ilə aradan qaldırıla bilərdi. Məhz bu gərgin dövrdə Ulu Öndərin xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə gəlməsi Azərbaycanın dövlət müstəqilliyinin qorunması, neft sənayesinin inkişafı və ölkənin beynəlxalq arenaya çıxışı ilə nətiəcləndi.
Ə.Abbasov bildirib ki, Ulu Öndərin təşəbbüsü ilə ötən əsrin 60-80-ci illərində Elmlər Akademiyasında, ali təhsil müəssisələrində və sahə institutlarında elektronika, avtomatika və hesablama texnikası üzrə istedadlı alimlər və təcrübəli mütəxəssislər yetişdirildi, elektron avadanlıq istehsal edən zavodlar tikildi. Kibernetika İnstitutu (indiki İdarəetmə Sistemləri İnstitutu), Kosmik Tədqiqatlar Mərkəzi, İnformasiya-Kommunikasiya Elmi Mərkəzi, “Neftqazavtomatika” və digər elmi-tədqiqat müəssisələri yaradıldı. Sözügedən dövrdə “AZON”, “NORD” elm-istehsalat birlikləri, Radiozavod, elektron hesablama maşınları zavodu, “Peyk”, “Ulduz” kimi nəhəng istehsalat kompleksləri tikilib istifadəyə verildi, respublikada yeni və əlverişli sənaye sahəsi təşkil olundu. Elmi-tədqiqat institutlarının nəzdində yaradılan “Tellur”, “Kibernetika” və digər xüsusi konstruktor büroları fəaliyyət göstərməyə başladı. Ölkənin qabaqcıl ali təhsil müəssisələrində İKT üzrə mütəxəssislər hazırlanması üçün maddi-texniki baza yaradıldığını bildirən Ə.Abbasov Azərbaycanda Heydər Əliyev tərəfindən “Universitet-İqtisadiyyat və Hökumət” üçqat spiral modelinin uğurla həyata keçirildiyini qeyd edib.
Ə.Abbasov Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi mütləq inkişafla müşaiyət olunan dövrdə ölkədə rabitə, informasiya texnologiyaları, kosmik tədqiqatlar və digər sahələrdə sürətli inkişaf baş verdiyini, istehsalat birliklərinin, elmi tədqiqat müəssisələrinin əsasının qoyulduğunu vurğulayıb. Ulu Öndərin təşəbbüsü ilə regionlarda ali təhsil ocaqlarının təsis olunduğunu, elmin kommersiyalaşdırılması istiqamətində mühüm addımlar atıldığını bildirən akademik Azərbaycan təhsilinin hüdudlarının genişləndirilməsi, hərbi məktəblərin açılması barədə ətraflı məlumat verib.
Ümummilli Liderin uğurlu daxili və xarici siyasətindən bəhs edən İSİ-nin baş direktoru ölkənin hərbi potensialının gücləndirilməsi və bölgədə sülhün bərqərar olunması istiqamətində imzalanan beynəlxalq əhəmiyyətli sənədlərdən söz açıb. Qeyd edib ki, Ulu Öndərin rəhbərliyi ilə bir çox sahədə həyata keçirilən layihələr, atılan addımlar bu gün də öz bəhrəsini verməkdədir. Bu məqamda Azərbaycanın 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazandığını xatırladan Ə.Abbasov Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə 1973-cü ildə ilk dəfə Bakıda keçirilən konqresə Azərbaycanın yenidən ev sahibliyi etməsinin böyük rəmzi məna daşıdğını bildirib.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri olduğunu bildirən Ə.Abbasov Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin daim qəlblərdə yaşayacağına əminliyini ifadə edib, “Heydər Əliyev İli” çərçivəsində bu istiqamətdə qarşıda duran vəzifələrlə bağlı müvafiq tapşırıqlarını səsləndirib.
Sonra İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov “Heydər Əliyev irsi: elm və təhsil” mövzusunda məruzə edib. Qeyd edib ki, fitri idarəetmə istedadı, dərin zəka, müdriklik, cəsarət və humanizm kimi yüksək keyfiyyətlərə malik Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkənin uğurlu daxili və xarici siyasi kursu müəyyənləşdirildi, yeni neft strategiyasının əsası qoyuldu, Azərbaycan dünyanın qabaqcıl ölkələrindən birinə çevrildi. Bildirib ki, siyasi təcrübəsində hər zaman elmin ən yeni nailiyyətlərindən faydalanan Ulu Öndər müxtəlif elmi və mədəni sahələrin inkişafı ilə bağlı məsələlərin həllinə yüksək həssaslıqla yanaşaraq cəmiyyətin tərəqqisini məhz elm və təhsilin inkişafı ilə əlaqələndirirdi.
Ə.Sadıqov ölkədə elmin intensiv inkişafının, Milli Elmlər Akademiyasının tərəqqisinin Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf etdiyini bildirərək onun həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində fundamental elmi tədqiqatların genişləndiyini, mühüm elmi nailiyyətlərin əldə olunduğunu qeyd edib. Sözügedən dövrdə Ulu Öndərin təşəbbüsü ilə Elmlər Akademiyası, ali təhsil ocaqları və digər elmi müəssisələrində çalışan elmi işçilərin sayı xeyli artırılıb, minlərlə tələbə Sovet İttifaqının müxtəlif ali məktəblərinə göndərilib, yeni institutlar, laboratoriyalar, konstruktor büroları yaradılıb, elm adamlarının cəmiyyətdə nüfuzunun yüksəldilməsi istiqamətində əməli tədbirlər görülüb.
Heydər Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyuğunu vurğulayan Ə.Sadıqov Ulu Öndərin Bakıda ilk görüşlərindən birini məhz Milli Elmlər Akademiyasında alimlərlə keçirdiyini, akademiyanın inkişafı üçün taleyüklü qərarlar qəbul etdiyini bildirib. Alim qeyd edib ki, “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər 1993-2003-cü illərdə də ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət göstərib, Azərbaycanın təhsil sistemi təkmilləşdirilib, məzmunca yenilənib və dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb.
Azərbaycandə elm və təhsilin inkişafında Ulu Öndərin müstəsna xidmətlərindən ətraflı şəkildə bəhs edən Ə.Sadıqov hazırda sözügedən sahələrdə dövlət strategiyasının ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Ulu Öndərlə bağlı xatirələrini bölüşən alim onun əziz xatirəsini ehtiramla yad edib.
Daha sonra İSİ-nin laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Qorxmaz İmanov “Heydər Əliyev müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafının banisidir” mövzusunda məruzə edib. Bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafını, əhalinin rifah halının yaxşılaşdırılmasını, bütövlükdə müstəqilliyin təməlini məhz ölkənin sosial-iqtisadi dirçəlişi ilə şərtləndirirdi. Qeyd edib ki, 1991-ci ildən başlanan siyasi və iqtisadi dəyişikliklər respublika iqtisadiyyatının bütün sahələrinə mənfi təsir göstərərək inkişaf tempinin azalması ilə müşaiyət edilirdi. Sözügedən dövrdə iqtisadi inkişaf modelinin əsas istiqaməti Heydər Əliyevin təşəbbüsü ilə iqtisadiyyata xarici investisiyaların cəlb edilməsi, dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini nəzərdə tutan strateji planın həyata keçirilməsi idi.
Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi inkişafının müxtəlif istiqamətlərini xarakterizə edən alim qeyd edib ki, bu dövr məhz güclü sənaye potensialının yaradılması və bütün sahələrdə sürətli inkişafla xarakterizə olunur. Q.İmanov bildirib ki, böyük siyasətçi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 20 sentyabr 1994-cü ildə Bakı şəhərində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, yüksək nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalandı. “Əsrin müqaviləsi” adlandırılan və ökəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan bu tarixi sənədin imzalanması ilə Azərbaycanın yeni neft strategiyası uğurla həyata keçirilməyə başlandı. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. Alim bildirib ki, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəmərinin çəkilməsi ilə reallaşan, Ulu Öndər Heydər Əliyevin gələcəyə hədəflənən neft strategiyasının uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün Azərbaycan dünyanın qabaqcıl dövlətləri sırasında öz layiqli mövqeyini qoruyub saxlayır.
Çıxışının sonunda Ulu Öndərlə bağlı xatirələrini bölüşən Q.İmanov onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağına əminliyini ifadə edib.
Sonra AMEA-nın müşaviri, akademik Telman Əliyev çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda informasiya texnologiyalarının, elm və təhsil müəssisələrinin inkişafına göstərdiyi mühüm diqqət və qayğıdan söz açıb. Alim Azərbaycanda rabitənin, elektron avadanlıqlar və informasiya texnologiyaları sektorunun inkişafının, elektron dövlət sisteminin əsasının məhz Ulu Öndər tərfindən qoyulduğunu bildirib. Ötən əsrin 70-80-ci illərində elektronika, avtomatika və hesablama texnikası üzrə istedadlı alim və mütəxəssislər yetişdirildiyini, elektron avadanlıq istehsal edən zavodlar tikildiyini, elmi-tədqiqat müəssisələri yaradıldığını qeyd edib.
T.Əliyev Ulu Öndərin təşəbbüsü ilə SSRİ Elmlər Akademiyasının prezidenti, akademik M.Keldışın Azərbaycana gəldiyini və ölkəmizə ilk böyük BESM-6 elektron hesablama maşınının gətirildiyini qeyd edib. Bunun nəticəsində ölkədə proqramlaşdırma, avtomatika, tətbiqi riyaziyyat, kibernetika və digər sahələrdə sürətli inkişafa nail olunduğunu qeyd edən akademik dahi liderin ölkədə elmin tərəqqisi istiqamətində misilsiz xidmətlərindən söz açıb, xatirələrini bölüşüb.
Tədbirin sonunda İSİ-nin şöbə müdiri, t.ü.f.d. Tofiq Babayev müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin siyasi kursu və infomatika elminin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib, xatirələrini bölüşüb.