Azərbaycanın yüngül çəkidə MMA idmançısı Nəriman Abbasovun "Naiza Fighting Championship" turnirində qazaxıstanlı Fanil Rafikovla keçirməli olduğu döyüş təxirə salınıb.

"Unikal"  turnirin rəsmi saytına istinadən xəbər verir ki, buna rəqib döyüşçünün zədələnməsi səbəb olub. Qarşılaşma martın 18-də Qazaxıstanın paytaxtı Astanadakı "Jekpe Jek" idman kompleksində baş tutmalı idi.

"Sports.ru" nəşrinə açıqlama verən Rafikov döyüşə çıxa bilməyəcəyi üçün MMA həvəskarlarından üzr istəyib. O, rinqə may və ya iyun ayında qayıdacağını söyləyib.

Qeyd edək ki, Abbasov son olaraq, ABŞ-ın Las-Veqas şəhərində keçirilən "Dana White’s Contender Series" (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində braziliyalı İsmael Bonfimə uduzub.