Yuxarı Qarabağ kanalında yaz-yay suvarma mövsümünə hazırlıq gedir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov "Unikal"a bildirib ki, Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsi 2023-cü ilin yaz-yay suvarma mövsümünə hazırlıq məqsədilə gücləndirilmiş iş rejiminə keçib. İdarə tərəfindən təsdiq olunmuş limitə və təlabata uyğun olaraq ayrı-ayrı rayonların su bölgüsünün düzgün uçotu aparılıb. Eyni zamanda Mingəçevir Su Anbarından götürülən suyun limitə uyğun bölünməsi ilə yanaşı Araz çayına suyun stabil olaraq verilməsi təmin olunub. Kanalda su itkisinin qarşısının alınması məqsədilə tədbirlər planına uyğun olaraq bəndlərin bərkidilməsi və lildən təmizləmə işləri də görülüb. Hazırda kanalda bənbərkitmə və daxili yamaclarında betonlama işləri davam edir. Bunun üçün əraziyə xeyli sayda texnika cəlb olunub.
İdarə tərəfindən balansda olan 28 ədəd hidrotexniki qurğu təmir olunub. Eyni zamanda istesalat və məişət tullantıları hidotexniki qurğuların giriş və çıxış hissəsindən əl üsulu ilə də təmizlənib. Ləpədöyən əyrilərdə kanalın daxili yamaclığında yuyulmanın qarşısının alınması üçün faşen-qamış bəndləri qurulub. 2023-cü ildə suyun uçotunun düzgün aparılması məqsədiylə kanaldan çıxan 16 ədəd paylayıcı qurğunun çıxış hissəsinə müasir tələblərə cavab verən avtomatik suölçü məntəqələri quraşdırılıb. Vegetatsiya suvarma mövsümü başlayana qədər kanalda suyun minumum həddə olduğu üçün 2 vacib hissəsində yamaclıqların beton üzlüyə alınması işləri də nəzərdə tutulur.
Qeyd edək ki, Yuxarı Qarabağ Kanalı Respublikanın ən böyük magistral suvarma kanalıdır. Öz mənbəyini Mingəçevir Su Anbarından öz axımı ilə götürən kanal ölkənin 6 rayonunun ərazisindən keçməklə 11 rayonda 130 min hektar əkin sahəsinə xidmət edir. Kanalın uzunluğu 172.4 km-dir.