Bakı Mühəndislik Universitetində (BMU) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
"Unikal" xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov tarixən Azərbaycan qadınının cəmiyyətdəki önəmli mövqeyindən bəhs edib, əsrlər boyu ölkəmizə xas, nümunəvi ailə modelinin qorunub saxlanılmasında qadınlarımızın xüsusi rolu və əməyinin olduğunu deyib. Rektor bildirib ki, hər zaman xalqımızın adət-ənənələrinə sadiqliyi, humanizmi ilə seçilən, ölkə mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil edən xanımlarımız dövlətçiliyimizin möhkəmləndirilməsi, Vətənimizin inkişafının təmin olunmasında da üzərilərinə düşən vəzifələri uğurla yerinə yetiriblər.
Gender bərabərliyinin qorunması, qadınların ən yüksək postlarda fəaliyyətinin təmin edilməsi, həmçinin onlar üçün hərtərəfli şəraitin yaradılmasının dövlət prioritetləri sırasında yer aldığını önə çəkən rektor 1998-ci ilin sentyabrında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayını xatırladıb. Ulu Öndərin həmin qurultaydakı çıxışında yer alan əsas məqamları, qadınlar haqqında dəyərli fikirləri vurğulayan Havar Məmmədov bu gün də Azərbaycan qadınının ölkə Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahələrində layiqincə təmsil olunduğunu bildirib. Qadınların ölkənin ictimai, sosial-iqtisadi, təhsil və başqa sferalarında çalışdıqlarını, yeni-yeni nailiyyətlərə imza atdıqlarını diqqətə çatdıran Havar Məmmədov öz Vətəninə bağlı, bilikli gənc nəslin yetişməsində qadınların mühüm rolu və məhz həmin gəncliyin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıqları üzərində xüsusi dayanıb.
Müasir Azərbaycan qadınının dərin zəkası, gözəlliyi, fədakarlığı, çalışqanlığı, vətənpərvərliyi, xeyirxahlığı, mərhəməti, millətinə və torpağına bağlılığı ilə öndə gəldiyini deyən rektor bu yüksək keyfiyyətləri özündə cəmləşdirən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəngin və çoxşaxəli fəaliyyətinin qadınlarımızın cəmiyyətdəki əvəzedilməz roluna ən layiqli nümunə olduğunu vurğulayıb.
Rektor çıxışının sonunda qadınlara əlamətdar gün münasibətilə səmimi təbriklərini çatdırıb, onlara gələcək işlərində uğurlar diləyib.
Sonra universitetin xanım əməkdaşları adından çıxış edən BMU Qadınlar Şurasının sədri Ətrabə Gül Azərbaycan qadınlarının tarixdəki və müasir cəmiyyətimizdəki rolundan bəhs edib.
Tədbir universitetin bir qrup xanım əməkdaşına fəxri fərmanların təqdim olunması ilə başa çatıb.