"Sahibkarlarla mütəmadi olaraq görüşlər keçiririk. Məqsədimiz ölkə üzrə sahibkarlığın inkişafı üçün lazımi dəstəyin verilməsi, sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında onlara yardımçı olmaqdan ibarətdir".
"Unikal" xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Qazın balansı və hesabatı şöbəsinin rəis müavini Ceyhun Abdullayev Salyan rayonunda sahibkarlarla keçirilən görüş zamanı bildirib. Mikrofon önünə keçən sahibkar Xaliq Bağırov ona məxsus təbii qaz sayğacının işləmədiyi dövrdə qeydə alınan aylıq qaz sərfiyyatının hesablanmasına yenidən baxılmasını xahiş edib.
Digər çıxış edən sahibkarlıq subyektləri havaların kəskin dəyişdiyi günlərdə belə təbii qazın verilişində heç bir problemlə üzləşmədiklərini bildirərək təşəkkür ediblər.
Görüş zamanı Birliyin Salyan Regional qaz istismarı İdarəsinin, habelə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri də iştirak ediblər.