Quba rayonunun Xınalıq kəndindən olan balaca İbrahim Bakıya gələrək millət vəkili Vahid Əhmədovla görüşüb. 

"Unikal" xəbər verir ki, onun polşalı blogerlə ingilis dilində danışaraq qədim Xınalıq kəndi haqqında ətraflı məlumat verməsi onu sözün əsil mənasında qəhrəmana çevirmiş və Xınalıq kəndinə səyahət edən bloger həmin videogörüntüləri internetdə paylaşdıqdan sonra İbrahim qısa müddətdə sosial şəbəkələrdə məşhurlaşıb. 

İbrahim Zeynalovun 13 yaşı var. Rüfət Kəlbiyev adına Quba rayon Xınalıq kənd tam orta məktəbinin VI sinifində təhsil alır. 

İbrahimin əcnəbi turistlə təcrübəli bələdçi kimi danışması təsadüfi deyil. Çünki onun atası Bəhmən Zeynalov 11 ildir Dövlət Turizm Agentliyinin tabeliyində olan “Xınalıq" Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda ekskursiyaçı-bələdçi vəzifəsində çalışır. İbrahim intellekti və dünyagörüşü ilə həmyaşıdlarından fərqlənir. İngilis dilində filmlərə baxır, kitab oxuyur. Kəndə əcnəbi qonaqlar gələndə onlarla asanlıqla ünsiyyət qurur.

Xınalıq kəndi Qubaya gələn turistlərin ən çox səfər etdiyi məkanlardandır. Dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir.

Görüşdə İbrahimin atası və MUSAİD Azərbaycan təşkilatının rəhbəri,əslən Qubalı Rəşad Cabirli də iştirak ediblər. 

Səmimi keçən görüşün sonunda millət vəkili Vahid Əhmədov İbrahimə kompüter hədiyyə edib, ona gələcək təhsilində uğurlar arzulayıb.