Bakı Olimpiya Stadionunda "Qarabağ" və Türkiyə "Qalatasaray"ı arasında keçiriləcək xeyriyyə oyununa satılan biletlərin sayı açıqlanıb.

Ağdam klubundan "Unikal"a verilən məlumata görə, bu gün satışa çıxarılan biletlərin 42 500 ədədi artıq azarkeşlər tərəfindən alınıb.

Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, "Iticket.az"ın satış məntəqələrindən, klubun "Park Bulvar"da yerləşən fan-şopundan, eyni zamanda "Iticket.az"dan da əldə etmək olar.

Qeyd edək ki, martın 26-da oynanılacaq matçdan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.