"Bakıda "Qarabağ" və Türkiyə "Qalatasaray"ı arasında keçiriləcək xeyriyyə oyunundan sonra azarkeşlər Bakı Olimpiya Stadionundan (BOS) hissə-hissə buraxılacaqlar".
"Unikal" xəbər v erir ki, bunu BOS-un mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadə deyib . O, bildirib ki, bu qərar ictimai nəqliyyata doğru gedən yollarda sıxlıq yaranmaması üçün qəbul olunub.
"Əvvəlcə arenanın yuxarı mərtəbələri boşaldılacaq. Birinci mərtəbədəki tamaşaçılar isə bir az gözləməli olacaqlar. Məsələ polislər tərəfindən tənzimlənəcək. Azarkeşlərə çağırış edirik ki, hüquq-mühafizə orqanları əməkdaşlarının təlimatlarına əməl etsinlər".
Qeyd edək ki, martın 26-da keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.