ASAPES SABAH “Məşqçilik” S111SA1 qrupunun tələbələri Taleh Vəlizadə, Vaqif İsmayılov, Şəhriyar Həsənov və Yunis Ağayev “SABAH Academy” tərəfindən təşkil olunmuş “Introduction to Entrepreneurship” proqramının məzunu olublar.
"Unikal" xəbər verir ki, proqramın əsas məqsədi gənclər arasında innovasiya və sahibkarlıq ruhunu yüksəltmək, ölkədə rəqabətədavamlı sahibkarlıq ekosistemi yaratmaq və bu sahədə kadr potensialını formalaşdırmaqla inkişafa töhfə verməkdir.
Proqram Elm və Təhsil Nazirliyinin “SABAH lab” Proqramı ilə Dövlət İdarəçilik Akademiyasının ikili əməkdaşlığı çərçivəsində həyata keçirilir. “SABAH Academy” Azərbaycanda rəqabət qabiliyyətinə malik innovasiya və sahibkarlıq ekosisteminin tətbiqi üçün gəncləri lazımi bacarıqlarla təmin etmək məqsədilə yaradılıb.
Təhsil proqramı çərçivəsində beynəlxalq universitetlərin (“Stanford” və “IE Business School”) professorları tərəfindən dərslərin tədrisi həyata keçirilib və tələbələr innovativ təlim proqramına cəlb edilərək proqram daxilində akademik nəzəriyyə ilə yanaşı, birbaşa tətbiq edə biləcəkləri praktikanı öyrənmək imkanına sahib olublar. Proqramın məzunu olan tələbələrimiz Avropa reytinqinin birincisi “IE Business School” və “SABAH Academy” tərəfindən imzalanmış beynəlxalq təhsil sertifikatı əldə ediblər.