Aprelin 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Unikal" xəbər verir ki, görüşdə həmçinin ADNSU-nun professor müəllim heyəti və tələbələr iştirak ediblər.
Qonaqları salamlayan rektor, professor Mustafa Babanlı unviersitetdə mövcud olan təhsil və tədris prosesindən danışaraq müasir texnologiyanın tədrisdə geniş tədbiqindən söz açıb. Mühədis kadrlar hazırlayan bir təhsil müəssisəsi üçün İT biliklərin vacibliyini qeyd edən rektor, professor Mustafa Babanlı universitetdə bu istiqamətdə fəaliyyət göstərən xüsusi kursların olduğunu deyib. Qonaqların diqqətinə çatdırılıb ki, bu gün ADNSU-da tələbələrə təkcə təhsil aldığı ixtisas üzrə bilik verilmir. Onlar müasir çağrışlara uyğun hərtərəfli mütəxəsis kimi yetişdirilirlər. Tədrisin və təhsilin yüksəldilməsi, peşəkar mühəndis kadrların formalaşması üçün müasir texnologiya və metodologiyanın tədris prosesinə tətbiq edilməsi, həmçinin xarici dil bilgilərinin inkişafı diqqətdə saxlanılır. İT sahəsində kifayət qədər peşəkar mütəxəssislərin fəaliyyət göstərdiyi Assosiasiya ilə əmkdaşlıqdan danışan rektor, professor Mustafa Babanlı bu əməkdaşlığın yüksək səmərə verəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib və qeyd edib ki, bu əməkdaşlıq tələbələr üçün təcrübə imkanlarının genişlənməsində və işlə təminolunmada da özünü göstərəcək. O, əlavə edib ki, bu gün müsbət nəticə üçün İT biliklərinin olması zərurətə çevrilsə də, elmi baza biliyinin olması vacibdir və biz ADNSU tələbələrində bu fundamental bazanı bilib uğurlu nəticə əldə olacağına inanırıq.
Assosiasiyasının mütəxəssisləri çıxışlarında istehsalat müəssisələrində, o cümlədən elmin müxtəlif sahələrində çevik inkişaf və rəqabat aparmaq üçün müasir informasiya texnologiyalarından düzgün istifadənin vacibliyini bildiriblər. Qeyd ediblər ki, rəqəmsal idarəetmə, İT ilə bağlı yeniliklərin tədris prosesində ixtisasla paralel mənimsənilməsi gələcəyin peşəkar mütəxəssislərinin əsas baza biliklərinin formalaşmasında xüsusi rol oynayacaq.
Sonra tərəflər müzakirə olunan mövzu ilə bağlı Əməkdaşlıq memorandumu imzalayıblar.