İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Bakı Dövlət Universiteti (BDU) ilə birgə Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində hazırladığı “İctimaiyyətlə əlaqələrin əsasları” adlı dərs vəsaitinin təqdimatı keçirilib.
"Unikal" xəbər verir ki, İİTKM-in İcraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının elmi redaktorluğu ilə ərsəyə gəlmiş dərs vəsaitinin müəllifləri Vüqar Zifəroğlu, Aynur Nəsirova, Xatirə Hüseynova, Pərvanə İbrahimova, Vəfa İsgəndərova, Afət Yaqubova, Vəli Əlibəyov, Yedgar Cəfərov, Zənurə Talıbova, Natiq Pənahlıdır.
Təqdimat mərasimində çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı kitabın Azərbaycan milli mətbuatının 150 illik yubileyinə önəmli töhfə, tələbələr üçün mühüm dərs vəsaiti olmaqla yanaşı, dövlət və özəl qurumların ictimaiyyətlə əlaqələr sahəsində çalışan mütəxəssisləri üçün faydalı mənbə olacağını bildirib. Kitab ictimaiyyətlə əlaqələr sahəsində strategiyanı, prioritetləri, qarşıda dayanan çağırışları tam əhatə edir.
BDU rektoru Elçin Babayev milli mətbuatın 150 illik yubileyi ərəfəsində belə bir kitabın ərsəyə gəlməsinin mühüm hadisə olduğunu qeyd edib. O bildirib ki, BDU ölkədə jurnalist kadrlar hazırlayan əsas mərkəzdir. Son illər Jurnalistika fakültəsinin fəaliyyəti aparılan islahatlar nəticəsində müasir texnologiyalara, yeni medianın tələblərinə uyğunlaşdırılıb. Bu tədris ilindən isə Jurnalistika fakültəsində magistratura səviyyəsində “İctimaiyyətlə əlaqələr” adlı yeni ixtisaslaşma açılıb. Yeni dərs vəsaiti tədris prosesinin vacib elementi olmaqla yanaşı, informasiya cəmiyyətində uğur qazanmaq istəyən hər bir fərd və təşkilat üçün strateji bələdçi kimi çıxış edəcək. Kitabın əhəmiyyətli üstünlüklərindən biri də ictimaiyyətlə əlaqələr sahəsinin Azərbaycan reallığı ilə əlaqələndirilməsidir.
Milli Məclisin deputatları – Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə, siyasi elmlər doktoru Hikmət Məmmədov, BDU-nun Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Əliyev, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, Azərbaycan Beynəlxalq Bankının Marketinq depatamentinin direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Yedgar Cəfərov kitabın ictimaiyyətlə əlaqələrin nəzəri və praktiki əsaslarını əhatə edən fundamental əsər olduğunu vurğulayıblar.
Sonda “İctimaiyyətlə əlaqələrin əsasları” dərs vəsaiti ilə bağlı videoçarx nümayiş olunub.