Azərbaycanda tikinti obyektinin satışı ilə bağlı yeni qayda müəyyən edilir.
"Unikal" xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik müazkirə edilib.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları tikinti obyektinin istismara hazırlığı barədə müvafiq icra hakimiyyəti orqanından müsbət rəy aldığı təqdirdə, həmin obyektin yerləşdiyi torpaq sahəsi fiziki və hüquqi şəxslərin mülkiyyətinə satıla və ya icarəsinə verilə bilər. Həmin şəxslər torpaq üzərindəki mülkiyyət və icarə hüquqlarını əldə etmək üçün açıq torpaq hərracları və ya müsabiqələrdə iştirak etmirlər.
Qeyd olunub ki, mövcud qanunvericiliyin tələblərinə görə, hazırda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları, müəyyən istisnalar olmaqla, yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Təklif olunan dəyişiklikdəki yeni qayda humanizm prinsipinə əsaslanır, tikinti obyektinin yerləşdiyi torpaq üzərində mülkiyyət və icarə hüquqlarının daha asan formada əldə olunmasına hüquqi əsas verir.
Məsələ səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Anar Kəlbiyev