N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan "Unikal"a verilən məlumata görə, Günəşin səthində ləkələrin sayı azalıb. Hazırda 2 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 52-dir. Aprelin 9-da baş vermiş CME-lərin (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) Yerə istiqamətlənməsi təhlil olunur. Həftə ərzində orta ölçülü tac dəliyi qeyd olunsa da, hazırda Günəşin səthində tac dəliyi müşahidə edilmir.
Enerjisi 2 MeV-dən çox olan elektron seli pik səviyyədə (max: 4252 pfu) olub, 10 MeV-dən çox enerjili proton seli isə həftə ərzində fon səviyyəsinə yaxın olub. Hazırda Günəş küləyi sürətinin parametrləri normaldır (328km/s), planetlərarası maqnit sahəsinin qiyməti isə artaraq Yer orbitində 10.47 nT, radial istiqamətdə isə -7.58 nT-yə çatıb.
Geomaqnit sahəsi sakit-aktiv fazalarda olub və hazırda isə qeyri-sabitdir.
Proqnoz günlərində - aprelin 10-dan 16-dək C sinif alışmanın başvermə ehtimalı 95 faiz, M (R1-R2) sinif alışmanın başvermə ehtimalı 25 faiz, X (R3) sinif isə 1 faiz təşkil edir. 2 MeV-dən çox enerjili elektron selinin aprelin 11-də yüksək səviyyələrə çatacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə proqnoz dövründə fon səviyyəsində qalacağı ehtimal olunur. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının başvermə ehtimalı 1 faiz təşkil edir.
Günəş küləyi sürətinin müsbət qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Zərrəciklər Selinin) və aprelin 7-də baş vermiş CME-nin təsiri ilə artacağı gözlənilir.
Geomaqnit sahəsinin müsbət qütblü CH HSS və CME-nin təsiri nəticəsində aprelin 10-dan 12-dək aktivləşəcəyi, aprelin 16-dan 18-dək geomaqnit sahəsinin aktivliyinin 4 Kp-yə kimi yüksələcəyi proqnozlaşdırılır.