Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı ilə birgə tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev qeyd edib ki, müstəqil və qalib Azərbaycanın məğrur vətəndaşları, ümummilli lider, fenomenal şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərini hər zaman yüksək dəyərləndirir, əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirlər. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi tarixi hadisə adlandırılaraq, bunun dahi şəxsiyyət Heydər Əliyevin müstəsna xidmətlərinin, zəngin həyat və fəaliyyətinin daha yaxından öyrənilməsi üçün böyük fürsət olduğu iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin ən böyük arzusunu – işğal altında olan ərazilərimizin azad edilməsini Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu reallaşdırıb.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edib. O qeyd edib ki, hər bir xalqın taleyində müstəsna rol oynayan, xilaskarlıq missiyası həyata keçirən tarixi şəxsiyyətlər var. Azərbaycan xalqının tarixində bu şəxsiyyət ümummilli liderimiz Heydər Əliyevdir. Heydər Əliyev bütün həyatı boyu doğma xalqının inkişaf və tərəqqisi uğrunda çalışmış, xalqını üzləşdiyi çətinliklərdən xilas etmiş dahi şəxsiyyətdir. Bu gün Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanı Prezident İlham Əliyev dünyada güclü və nüfuzlu dövlətə çevirib. Qazanılan bütün uğurların əsasında isə Heydər Əliyev siyasəti dayanır.
Tədbirdə Komitədə çalışan 13 nəfər əməkdaşın YAP sıralarına qoşulmaq üçün müraciətlərinə də baxılıb, partiyanın üzvlüyünə qəbul edilib. YAP üzvü olan bir qrup əməkdaşa isə fəxri fərmanlar təqdim edilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının üzvlüyünə qəbul olunan Komitə əməkdaşı Vüsal Babayev çıxış edərək bildirib ki, belə bir əlamətdar vaxtda inkişaf və müasirlik partiyası olan Yeni Azərbaycan Partiyasına üzv olmaq həm məsuliyyət, həm fəal vətəndaşlıq mövqeyi, həm də böyük şərəfdir.