Bu gün UNEC-də “Azərbaycanda elmin populyarlaşdırılması modeli” mövzusunda tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, UNEC rektoru professor Ədalət Muradov, millət vəkilləri, rektorlar, ölkənin tanınmış elm, təhsil, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər.
UNEC rektoru professor Ədalət Muradov mövzunun əhəmiyyətindən söz açaraq, cəmiyyətdə fərqli maraq qruplarının sürətlə artmasının elmin populyarlaşdırılmasında yeni yanaşmaları qaçılmaz etdiyini bildirib. Rektor aparılacaq müzakirələrin gənc nəslin elmə marağının artırılmasına, elmə yeni, gənc mütəxəssislərin cəlb edilməsinə təkan verəcəyini bildirib. Eləcə də elmin populyarlaşdırılmasının cəmiyyətin ümumi məlumatlılıq səviyyəsini artıracağını, adi biliklərin intellekləşməsini təmin edəcəyini, kütləvi və fərdi vətəndaş şüurunun reallığı adekvat qəbul etməsində faydalı olacağını deyib. Rektor UNEC-də millət vəkili Etibar Əliyevin sədrliyi ilə Elmin populyarlaşdırılması mərkəzinin yaradıldığını diqqətə çatdıraraq, müzakirələrin mərkəzin fəaliyyətinin üğurlu təşkili baxımından da faydalı olacağından əminliyini ifadə edib.
Elm və təhsil naziri Emin Əmrullayev elmin populyarlaşdırılması istiqamətində mövcud problemlərdən və həlli yollarından danışıb. Nazir elmə marağın orta məktəbdən formalaşdırılmasının, ölkədə ixtisaslaşmış institutların fəaliyyətində səmərəliliyin artırılmasının vacibliyini önə çəkib. Həmçinin cəmiyyətin elmə və alimə verdiyi dəyər, elmi etika, elmi adların verilməsi məsələlərinə də toxunub.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında mətbuatın və sosial şəbəkələrin elmin populyarlaşdırılmasındakı rolundan söz açıb. Bu istiqamətdə mənfi tendensiyaların mövcudluğunu və elmlə bağlı maarifləndirmə işlərinin ürəkaçan olmadığını bildirən İ.Həbibbəyli Azərbaycan elminin dünya reytinqlərindəki mövqeyinə də toxunub. O, ölkə alimlərinin akademik profillərinin azlığını və istinad sayının aşağı olmasını elmin populyarlaşdırılmasına mənfi təsir edən amillər kimi qiymətləndirib. Akademik bu sahədə səmərəliliyin artırılması məqsədilə işlərin beynəlxalq reytinq təşkilatlarının prioritetlərinə uyğun aparılmalı olduğunu qeyd edib.
ETN-nin Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov görkəmli alimlərin elmin populyarlaşdırılmasındakı rolundan söz açıb. Akademik populyar dərsliklərin çap olunmasının, xarici ölkələrdə yaşayan alimlərlə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Almaniyanın Münhen Texniki Universitetinin professoru, Əməkdar elm xadimi Məsud Əfəndiyev “Azərbaycanda elmin populyarlaşdırılması modeli” mövzusunda təqdimatla çıxış edib. O, elm və təhsil mühitinin yaradılmasının, eləcə də elmə milli yanaşmanın vacibliyindən danışıb.
Millət vəkili, UNEC-in Elmin populyarlaşdırılması mərkəzinin rəhbəri Etibar Əliyev mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, mərkəzdə elmi lüğətlərin hazırlanması, populyar kitabların tərcüməsi, elmi ədəbiyyatların təbliği istiqamətində layihələr reallaşdırılacaq, eləcə də ziyalılarla görüşlər və digər mühüm elmi tədbirlər həyata keçiriləcək. Millət vəkili çıxışında elmin populyarlaşdırılması saytının yaradılmasının vacibliyini də vurğulayıb.
Tədbirdə millət vəkili, AMEA-nın müxbir üzvü Musa Quliyev, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru professor Rasim Əliquliyev, Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru professor İlham Məmmədzadə, əməkdar jurnalist professor Qulu Məhərrəmli, Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov, professor Şahlar Əsgərov çıxış edərək, elmin populyarlaşdırılması istiqamətində fikirlərini bölüşüblər, təkliflər səsləndiriblər. Müzakirələr zamanı elmi nəticələrin cəmiyyətə açıqlanmasının, elmi jurnalistikanın yaradılmasının, Azərbaycan elminin dünyaya inteqrasiyasının əhəmiyyətindən söz açılıb, elmi nailiyyətlərin cəmiyyətə çatdırılmasında mətbuatın rolu vurğulanıb.