Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan əcnəbilər barəsində həbs qətimkan tədbiri seçilib.
"Unikal" xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində verilib.
Qərara əsasən, onlar 3 ay müddətə həbs olunublar.
***12:08
Xəbər verdiyimiz kimi, Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən 3 nəfər əcnəbiyə cinayət işi başlanılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, həmin şəxslər Səudiyyə Ərəbistanı Krallığının vətəndaşlarıdır.
***
Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
DİN Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
***09:03
Bakıda turist kimi səfər edən əcnəbilər Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşıb.
"Unikal" xəbər verir ki, yayılan görüntülərdə ərəblər qəbuledilməz hərəkətlər ediblər.
Həmin şəxslər polislər tərəfindən saxlanılıb, hazırda araşdırma aparılır.