Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 22 noyabr 2022-ci il tarixli  21/12№-li qərarına əsasən AMEA-nın Mərkəzi Elmi Kitabxanası və “Elm” nəşriyyatı tərəfindən AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Əminağa Sadıqovun “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından elmi biblioqrafiyası çap olunub. Biblioqrafiya alimin həyatını, 1986-2022-ci illəri əhatə edən elmi-pedaqoji və ictimai fəaliyyətini, elmi əsərlərini və onun haqqında yazılmış mənbələri əks etdirir.

"Unikal" xəbər verir ki, biblioqrafiyaya Ə.Sadıqovun müəllifi, redaktoru və tərtibçisi olduğu monoqrafiyaları, kitabları, elmi məqalələri, tezisləri, dövri mətbuatda nəşr olunmuş elmi-publisistik məqalələri, müəlliflik şəhadətnamələri və patentləri daxil edilib. 

Biblioqrafiyada alimin həyatının əsas tarixləri göstərilib, ictimai və elmi-pedaqoji fəaliyyəti haqqında qısa oçerk, görkəmli elm və dövlət xadimlərinin alim haqqında yazıları, rəhbəri və icraçısı olduğu layihələr, elmi rəhbəri və məsləhətçisi olduğu dissertasiya işləri öz əksini tapıb. 

Biblioqrafiyanın elmi redaktoru professor Məmməd Əliyev, redaktoru Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçisi Rəna Cavadovadır.

Biblioqrafiya kibernetika, kompüter elmləri, informasiya texnologiyaları, riyazi modelləşdirmə və idarəetmə sistemləri, həmçinin elmi fəaliyyətin təşkili, əqli mülkiyyət hüquqlarının qorunması sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.