Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağı qaldırılıb.
"Unikal" xəbər verir ki, məntəqəyə Dövlət Sərhəd Xidmətinin hərbçiləri yerləşdirilib.
Xatırladaq ki, aprelin 23-də Dövlət Sərhəd Xidməti (DSX) Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulduğunu açıqlayıb. DSX məntəqənin üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə yaradıldığını bildirib.
Sərhəd-buraxılış məntəqəsinin yaradılması barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib ki, Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətə gediş-gəlişi üçün müvafiq şərait təmin olunacaq.
XİN-in yaydığı bəyanata əsasən, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin təsis edilməsi yoldan hərəkət üzrə şəffaflığı, qanunun aliliyini və beləliklə, hərəkətin təhlükəsizliyini təmin edəcək. Sərhəd təhlükəsizliyinin təmin edilməsi, habelə hərəkətin təhlükəsizliyinin həyata keçirilməsi Azərbaycan Hökumətinin preroqativi və milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir.