Ukrayna hökuməti İrana qarşı sanksiyaların tətbiqi ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasına təklif təqdim edib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Baş nazirin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenkonun sözlərinə görə, sektoral sanksiyaların tətbiqinə səbəb Tehranın Moskvaya göstərdiyi yardımdır .
Rəsminin sözlərinə görə, Rusiya Federasiyasına silah tədarükündə iştirak edən şəxslər və şirkətlər üçün əvvəlki məhdudiyyətlər İranda ciddi xəbərdarlıq kimi qəbul edilməyib.
Nazirlər Kabineti İrana qarşı 50 il müddətinə sanksiyalar tətbiq etməyi təklif edir. Buraya İran sakinlərinin Ukraynadan kənarda kapital çıxarmasının qarşısının alınması, İran sakinlərinə texnologiya və əqli mülkiyyət hüquqlarının ötürülməsinin qadağan edilməsi, pul köçürmələri də daxil olmaqla elektron ödəniş vasitələrinin xidmətinin dayandırılması daxildir. Bundan əlavə, hərbi və ikili təyinatlı malların ötürülməsini məhdudlaşdırmaq, Ukrayna ərazisindən İran sakinləri tərəfindən resursların tranzitini, uçuşları və daşımalarını tamamilə dayandırmaq təklif olunur.
Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qərbin Ukraynaya silah tədarükünün vəziyyəti yalnız çətinləşdirdiyini bildirib. İran XİN rəhbərinin sözlərinə görə, münaqişənin siyasi yolla nizamlanması zəruridir.